Xameneinin ölümü- İranın siyasi tarixində yeni mərhələ
Ayetullah Əli Xamenei– İranın ən güclü dini lideri idi.
Bu günlərdə İranın dini lideri Ayetullah Əli Xameneinin ölümü dünya siyasətində yeni bir dövrün başlanğıcına işarə edir. 1939-cu ildə İranın müqəddəs şəhəri Məşhəddə doğulan Xamenei 1989-cu ildən 2026-cı ilə qədər İranın ali dini və siyasi rəhbəri postunu tutmuşdu.
Ayetullah Xamenei gənc yaşlardan etibarən dini təhsil almış və İran İslam İnqilabı zamanı Şah rejiminə qarşı mübarizədə fəal iştirak etmişdi. 1979-cu ildə İranda baş vermiş iqilabdan sonra o, Tehranın Cümə namazı imamı, inqilab şurası üzvü və dini hakimiyyət strukturlarında müxtəlif vəzifələrdə çalışmışdı. O, 1981-89-cu illərdə iki dəfə prezident seçilmişdi.
1989-cu ildə məşhur Ayetullah Ruhullah Xomeyninin vəfatından sonra Xamenei İranın ikinci ali dini lideri oldu, rəhbər kimi dövlətin ən böyük güc mərkəzini ələ keçirdi. Bu post onun həm ölkənin daxili siyasətini, həm də xarici münasibətlərini formalaşdıran əsas fiqur olmasını təmin edirdi. Xamenei silahlı qüvvələrin başkomandanı, məhkəmə sisteminin təyinatçısı və dövlət televiziyasının rəhbəri kimi geniş səlahiyyətlərə malik idi.
Xamenei dönəmi İranda siyasətin mərkəzləşdirilməsi güc strukturlarının, xüsusilə islam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) rolu və sərt xarici siyasətlə yadda qaldı. O, ABŞ və İsraili “böyük düşmənlər” kimi səciyyələndirərək Tehran-Qərb münasibətlərini uzun müddət gərginlikdə saxladı və regionda İranın təsir dairəsini genişləndirməyə çalışdı.
Ölkə daxilində isə iqtisadi çətinliklər, sosial narazılıqlar və insan haqları problemləri nəticəsində illər ərzində etirazlar baş verdi. Bu dövrdə Xamenei rejimi bir çox protest hərəkatlarını sərt şəkildə yatırdı.
Beynəlxalq ictimaiyyət və siyasətçilər onun liderliyini müxtəlif baxımdan qiymətləndirirlər, bəziləri onu İranın suverenliyini qoruyan strateq hesab edir, digərləri isə insan haqları pozuntularına görə tənqid edirlər.
Xameneinin ölümü İranda 40 günlük matəmlə təsdiqləndi və bu, İran üçün həm siyasi, həm də regional münasibətlər baxımından mühüm dönüş nöqtəsidir. İndi ölkə yeni dini lider seçmək üçün İranın Milli Məclisi vasitəsilə formal prosesə keçirməlidir. İranda bu vəziyyət, həm daxili güc mübarizəsini və yeni siyasi balansın necə qurulacağını gündəmə gətirəcək.
Arzuman Loğmanoğlu
Sozcu.info