ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
İran İslam Respublikasının ən ağır sınaqlarından birini yaşadığı, hərbi rəhbərliyin sıradan çıxdığı və Ali Rəhbər Ayətullah Əli Xameneyinin ölümü ilə bağlı sarsıdıcı xəbərlərin yayıldığı bir şəraitdə ölkənin idarəçiliyi təcrübəli və strateji bir simaya – Ayətullah Əlirza Ərafiyə həvalə olundu.
Moderator.az xəbər verir ki, 1959-cu ildə Yəzd ostanının Meybod şəhərində, İslam İnqilabının qurucusu ayətullah Xomeyninin yaxın dostu olan bir ailədə dünyaya göz açan Ərafi, gənc yaşlarından rejimin ideoloji sütunları daxilində yetişdirilib. Onun bioqrafiyası sadəcə bir din xadiminin həyat yolu deyil, eyni zamanda İranın "yumşaq güc" siyasətinin və beynəlxalq ideoloji yayılma strategiyasının formalaşma tarixidir.
Uzun illər "Əl-Mustafa" Beynəlxalq Universitetinə rəhbərlik edən Ərafi, İranın xarici ölkələrdəki dini və siyasi təsirini genişləndirən on minlərlə tələbənin ideoloji tərbiyəsinə cavabdeh olub. Bu fəaliyyəti onu həm Qərb kəşfiyyatının diqqət mərkəzinə gətirib, həm də İslam dünyasındakı şiə şəbəkələri üzərində geniş nüfuz qazandırıb.
Əlirza Ərafini digər yaşlı və mühafizəkar ruhanilərdən fərqləndirən əsas cəhət onun həm dini elmlərdəki dərinliyi, həm də müasir idarəçilik texnologiyalarına bələd olmasıdır. Ayətullah Xameneyinin ən etibarlı kadrlarından biri kimi o, 2016-cı ildə bütün İran üzrə dini seminariyaların (hövzələrin) rəhbəri təyin edildikdə, faktiki olaraq dini elitanın koordinasiyasını öz əlinə almışdı.
Onun Konstitusiya Keşikçiləri Şurası və Ekspertlər Şurasındakı fəaliyyəti isə dövlətin həm qanunverici, həm də kadr siyasətində həlledici söz sahibi olduğunu sübut edirdi.
Azərbaycan oxucusu üçün xüsusi əhəmiyyət kəsb edən məqam isə Ərafinin 44 günlük Vətən Müharibəsi zamanı nümayiş etdirdiyi mövqedir; o, İranın bəzi radikal dairələrindən fərqli olaraq, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və işğalın sona çatmalı olduğunu açıq şəkildə bəyan etmiş, bu da onun diplomatik çevikliyindən xəbər vermişdi.
Hazırda Ekspertlər Şurasının qərarı ilə müvəqqəti olaraq Ali Rəhbər səlahiyyətlərini icra edəcək Ərafinin qarşısında duran vəzifələr tarixin ən çətin missiyalarından biri hesab olunur. Hərbi komandanlığın darmadağın edildiyi, İsrailin zərbələrinin davam etdiyi və daxili xaos təhlükəsinin artdığı bir vaxtda o, həm ordunun mənəviyyatını bərpa etməli, həm də ölkəni yeni daimi liderin seçilməsi prosesinə hazırlamalıdır. 67 yaşlı bu "texnokrat din xadimi"nin keçid dövründəki uğuru, onun təkcə müvəqqəti rəhbər deyil, həm də İranın gələcək taleyini müəyyən edəcək daimi liderlik namizədi kimi mövqeyini qətiyyətlə möhkəmləndirə bilər. Dünya indi Tehranın bu yeni və sirli simasının həm daxili sabitliyi necə təmin edəcəyini, həm də beynəlxalq təzyiqlərə qarşı hansı diplomatik manevrləri edəcəyini diqqətlə izləyir. /Musavat.com/
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.