Fevralın 27-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitənin sədri Zahid Oruc bildirib ki, gündəliyə bir məsələ- Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi daxil edilib.Qeyd olunub ki, Ombudsmanın müzakirəyə təqdim olunan məruzəsində bildirilir ki, 2025-ci il ölkəmiz üçün milli və beynəlxalq səviyyədə baş verən mühüm proseslərlə yadda qalıb. Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi, ölkənin beynəlxalq nüfuzunun daha da artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Bu təşəbbüsün, həmçinin qanunun aliliyinin və suverenlik dəyərlərinin təbliğinə və təşviqinə xidmət etdiyi diqqətə çatdırılıb.Ötən ildə dövlət başçısı tərəfindən irəli sürülmüş təşəbbüslə qəbul edilmiş və 20 mindən çox insanı əhatə edən Amnistiya qərarının humanizm prinsiplərinə əsaslanan ən mühüm addımlardan biri olduğu vurğulanıb.Sənədin tərtibatı, strukturu və məzmunu barədə danışan komitə sədri bildirib ki, burada müvəkkilin insan hüquqlarının qorunması sahəsində fəaliyyət istiqamətlərinin və öhdəliklərinin icra dinamikasını əks etdirən məlumatlar da öz əksini tapıb.Zahid Oruc diqqətə çatdırıb ki, sənəddə ötən il Ombudsmanın ünvanına vədəndaşlardan 42685 müraciətin daxil olduğu əks olunub. O, habelə, 916 çağrı mərkəzinə il ərzində 14718 müraciətin daxil olduğunu deyib.Qeyd edilib ki, məruzədə mülki hüquqlara dair, o cümlədən mənzil fondu ilə bağlı məsələlər – əmlak alqı-satqısı, qeydiyyatla bağlı məqamlar yer alıb.Ombudsman təsisatının insanların taleyinə biganə qalmayaraq, Suriyada əsir düşərgələrində girovluqda saxlanılan vətəndaşlarımızın ölkəmizə qaytarılması məsələsini diqqətdə saxladığı qeyd olunub.Nəzərə çatdırılıb ki, sağlamlığın qorunması hüququ ilə bağlı məruzədə əsasən həssas əhali qruplarının, uşaqların və əlilliyi olan şəxslərin tibbi xidmətlərə əlçatanlığı məsələlərinə geniş yer verilib, həmçinin bölgələrdə həkim çatışmazlığı ilə bağlı vəziyyətə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nəticələri əsasında yanaşma təqdim olunub.Məruzədə narkomaniya və toksikomaniya xəstələrinin sayının artması ilə bağlı məsələsinin yer aldığı və bununla bağlı bəzi çətinliklərin olduğu qeyd edilib.Sənədə Qərbi Azərbaycana qayıdış məsələsinin daxil edildiyi, beynəlxalq əməkdaşlıq sahəsində İnsan hüquqları üzrə Müvəkkilin fəaliyyəti barədə ətraflı məlumat verildiyi vurğulanıb.Məsələ ətrafında müzakirələrdə çıxış edən komitənin sədr müavini Arzuxan Əli-zadə, üzvləri Azər Allahverənov, Hikmət Məmmədov, Razi Nurullayev,Bəhruz Məhərrəmov, Vüqar Rəhimzadə, Mübariz Qurbanlı, Naqif Həmzəyev, Elman Nəsirov, Səyyad Aran, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov, “Netftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov öz fikirlərini bölüşüblər.Çıxışlarda ombudsman institutunun əmək və məşğulluq, sosial təminat, təhsil, sağlamlığın qorunması ilə bağlı hüquqların təmin edilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, dezinformasiyaların qarşısının alınması üçün yeni mexanizmlərin tədbiq edilməsi, ictimai iştirakçılıq, hüquqi maarifləndirmə və digər sahələrdə gördüyü işlər təqdirəlayiq hesab edilib, bir sıra təkliflər səsləndirilib.İclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan bir sıra məsələlərə aydınlıq gətirib.Bildirilib ki, məruzədə əksini tapan 94 təklifdən 67-si yeni, 27-si isə öz aktuallığını hələ də qoruyub saxlayan təkliflərdir.Aparat rəhbəri Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi və onların qayıdış hüququnun təmin olunması məsələsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.Nəzərə çatdırılıb ki, bölgələrdə vətəndaşlarla səyyar qəbullar keçirilir və onların bir çoxunun problemləri yerində həll olunur.Qeyd edilib ki, illik məruzədə məhkəmə qərarlarının icrası, o cümlədən alimentlə bağlı qərarların icrasında yaranan çətinliklər, Aliment Fondunun yaradılmasının zəruriliyi, eləcə də hüquqi yardımın göstərilməsi ilə bağlı məsələlərə toxunulub.Sonda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi qənaətbəxş hesab olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.İclasda komitənin üzvləri Tural Gəncəliyev, Sevil Mikayılova, Mircəlil Qasımlı, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.


