AZ

Parlamentin İnsan hüquqları komitəsində ombudsmanın illik məruzəsi dinlənilib

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fevralın 27-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

SİA xəbər verir ki, komitənin sədri Zahid Oruc gündəliyə bir məsələnin - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsinin daxil edildiyini deyib.

Ombudsmanın müzakirəyə təqdim olunan məruzəsində 2025-ci ilin ölkəmiz üçün milli və beynəlxalq səviyyədə baş verən mühüm proseslərlə yadda qaldığı bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə Prezidentin müvafiq Sərəncamına əsasən, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi, ölkənin beynəlxalq nüfuzunun daha da artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Bu təşəbbüsün, həmçinin qanunun aliliyinin və suverenlik dəyərlərinin təbliğinə və təşviqinə xidmət etdiyi diqqətə çatdırılıb. Ötən ildə dövlət başçısı tərəfindən irəli sürülmüş təşəbbüslə qəbul edilmiş və 20 mindən çox insanı əhatə edən Amnistiya qərarının humanizm prinsiplərinə əsaslanan ən mühüm addımlardan biri olduğu vurğulanıb.

Sənədin tərtibatı, strukturu və məzmunu barədə danışan komitə sədri bildirib ki, burada müvəkkilin insan hüquqlarının qorunması sahəsində fəaliyyət istiqamətlərinin və öhdəliklərinin icra dinamikasını əks etdirən məlumatlar da öz əksini tapıb.

Zahid Oruc diqqətə çatdırıb ki, sənəddə ötən il ombudsmanın ünvanına vətəndaşlardan 42 min 685 müraciətin daxil olduğu əks edilib. O, habelə, “916” Çağrı mərkəzinə il ərzində 14 min 718 müraciətin daxil olduğunu deyib.

Qeyd edilib ki, məruzədə mülki hüquqlara dair, o cümlədən mənzil fondu ilə bağlı məsələlər - əmlak alqı-satqısı, qeydiyyatla bağlı məqamlar yer alıb. Ombudsman təsisatının insanların taleyinə biganə qalmayaraq, Suriyada əsir düşərgələrində girovluqda saxlanılan vətəndaşlarımızın ölkəmizə qaytarılması məsələsini diqqətdə saxladığı qeyd olunub. Nəzərə çatdırılıb ki, sağlamlığın qorunması hüququ ilə bağlı məruzədə əsasən həssas əhali qruplarının, uşaqların və əlilliyi olan şəxslərin tibbi xidmətlərə əlçatanlığı məsələlərinə geniş yer verilib, həmçinin bölgələrdə həkim çatışmazlığı ilə bağlı vəziyyətə Dövlət Statistika Komitəsinin nəticələri əsasında yanaşma təqdim olunub.

İclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan bir sıra məsələlərə aydınlıq gətirib. Bildirilib ki, məruzədə əksini tapan 94 təklifdən 67-si yeni, 27-si isə öz aktuallığını hələ də qoruyub saxlayan təkliflərdir.

Aparat rəhbəri Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi və onların qayıdış hüququnun təmin olunması məsələsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Nəzərə çatdırılıb ki, bölgələrdə vətəndaşlarla səyyar qəbullar keçirilir və onların bir çoxunun problemləri yerində həll olunur.

Qeyd edilib ki, illik məruzədə məhkəmə qərarlarının icrası, o cümlədən alimentlə bağlı qərarların icrasında yaranan çətinliklər, Aliment Fondunun yaradılmasının zəruriliyi, eləcə də hüquqi yardımın göstərilməsi ilə bağlı məsələlərə toxunulub.

Sonda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi qənaətbəxş hesab olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
6
sia.az

8Mənbələr