Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Ağstafa şəhərinin mərkəzində Şəhidlər memorial abidə kompleksi ziyarət olunub.
"Unikal" xəbər verir ki, anım tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Memorail kompleksin əbədi məşəli önünə əklil qoyulub, müqəddəs üçrəngli bayrağımızın üzərindəki ayparanı simvolizə edən abidənin üstünə qızılgül və tər qərənfillər düzülüb.
Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil edilən anım tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, məsul şəxslər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı qurbanlarının, o cümlədən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirini giriş nitqi ilə açan RİH başçısı bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 2025-ci il fevralın 25-də Sərəncam imzalanması Soyqırım qurbanlarının qisasının layiqincə alındığının təntənəsi idi.
Bu gün şəhidlərimizin ruhları şaddır. Ağstafa Rayon Mədəniyyət Mərkəzinin Bədii rəhbəri Oruc Mansırov, Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Multimedia resursları üzrə mütəxəssisi Günay Qədimalıyeva, Ağstafa şəhəri Asif Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Vəli Abdullayev çıxışlarında Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlardan, eləcə də, dövlətimiz tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırıma obyektiv qiymət verilməsi məqsədilə atılan davamlı addımlardan söz açıblar. Sonda rayonun ümumtəhsil müəssisələrinin Xocalı Soyqırımına həsr etdikləri ədəbi-bədii kompozisiya nümayiş etdirilib.