EN

ATMU-da Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov çıxış edərək Xocalı soyqırımının bəşəriyyət tarixinə ən ağır kütləvi terror aktlarından biri kimi daxil olduğunu bildirib. O, həmin günlərdə baş verən qanlı hadisələri faktlarla diqqətə çatdırıb, insanlığa qarşı törədilmiş bu cinayətin cəzasız qalmamalı olduğunu vurğulayıb. Rektor Ermənistanın hərbi-siyasi təcavüzünə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini qeyd edib. İlham Mədətov çıxışında Xocalı qurbanlarının qanının yerdə qalmadığını xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağının ucaldılması Azərbaycanın keçdiyi şərəfli yolun məntiqi nəticəsidir.

Tədbirdə universitetin professoru Məhərrəm Zülfüqarlı Xocalı faciəsinin insanlığa, milli-mənəvi və maddi-mədəni sərvətlərimizə qarşı törədilmiş vandalizm aktı olduğunu faktlarla izah edib. O bildirib ki, Xocalı faciəsi bəşəriyyət tarixində baş vermiş ən qanlı soyqırımlardan biridir və gənc nəsil bu hadisənin reallıqları barədə dolğun məlumata malik olmalıdır. Professor vurğulayıb ki, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin araşdırılması və dünyaya çatdırılması hər bir vətəndaşın borcudur.

Kafedra müdiri Tərlan Növrəsli çıxışında Xocalı faciəsinin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib, müəllifi olduğu “Eşidin məni, Şəhidlər” şeirini səsləndirib.

Qeyd edək ki, universitetdə Xocalı faciəsini əks etdirən xüsusi guşədə sənədli və bədii ədəbiyyatlardan ibarət kitab sərgisi təşkil olunub. Gün ərzində soyqırımı əks etdirən fotoslayd nümayiş etdirilib.

Tədbirdən sonra ATMU-nun tələbələri “Ana harayı” abidəsini ziyarət edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.


 

Chosen
19
50
unikal.az

10Sources