Türkiyənin tanınmış hakimlərindən olan Arda Kardeşler karyerasını bitirmək qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, 38 yaşlı ədalət təmsilçisi ötən ilin oktyabrında ''Trabzonspor'' - ''Qaziantep'' matçındakı bərbad idarəçiliyi ilə yadda qalmışdı. Həmin matçın ardından Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu da bu hakimi sərt şəkildə tənqid edərək ona ağır cəza veriləcəyini bildirmişdi. Bu ədalət təmsilçisinə konkret neçə oyunluq cəza verildiyi bəlli olmasa da, həmin tarixdən bu yana ona bir daha oyun verilməyib.
Türkiyənin ''HT Spor'' kanalının iddiasına görə Kardeşler TFF-yə istefa məktubunu yazaraq hakimlik karyerasını birdəfəlik başa vurmaq qərarına gəlib. Əslən Bursadan olan Kardeşler 2015/16 mövsümündən bu yana Türkiyə çempionatının oyunlarına təyinat alırdı. Ancaq iddialara inansaq, o, futboldan birdəfəlik ayrılmayıb. Kardeşler iki işdə birdən çalışmaq niyyətindədi. O, bundan sonra futbol dünyasında menecer kimi fəaliyyət göstərəcək. Kardeşlerin menecerlik imtahanına hazırlaşdığı bildirilir.
Bundan başqa o, əsil peşəsi olan mühəndis kimi də çalışmaqda davam edəcək.