EN

Mahir Emreli: “Daha çox qol vurmaq istəyirəm” – ARENA.AZ

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli cari mövsümdə daha çox qol vurmaq istəyir.

Arena.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə Almaniya mətbuatına açıqlamasında deyib.

Zədəsini sağaldandan sonra ötən gün yaşıl meydana qayıtmış forvard çətin dövrdən keçdiyini söyləyib:

“Əvvəla, son bir neçə ay ərzində reabilitasiya müddətimdə mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. İndi özümü 85-90 faiz formada hiss edirəm və motivasiyam 100 faizdir. Bu mövsüm daha çox oynamaq və qol vurmaq istəyirəm”.

Xatırladaq ki, Mahir Emreli ötən gün 2-ci Bundesliqada “Proyssen Münster”ə qalib gəldikləri (3:2) səfər matçının 88-ci dəqiqəsində meydana çıxıb. O, 2025-ci ilin noyabrında zədələndiyi üçün uzun müddət idi yaşıl meydanlardan kənarda qalmışdı.

Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 6 oyuna çıxıb, 1 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
3
10
arena.az

10Sources