Bu gün Bakıda “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda Dəyirmi Masa keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ekspertlər, ictimai fəallar və media təmsilçiləri iştirak ediblər.
Dəyirmi Masanın moderatoru, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova bildirib. QHT sədri çıxışı zamanı tədbirin məqsəd və gözləntiləri barədə məlumat verib, mövzunun aktuallığını diqqətə çatdırı:
"Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. Xocalı faciəsi yüzlərlə günahsız insanın həyatına son qoymuş, minlərlə ailənin taleyində sağalmaz yaralar açmışdır. Xüsusilə itkin düşmüş şəxslərin taleyi bu gün də cavabsız sual olaraq qalır. Bu məsələ həm hüquqi, həm də humanitar baxımdan beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmalıdır. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Moderator qeyd edib ki, dəyirmi masa çərçivəsində Xocalı hadisələrinə tarixi baxış keçiriləcək, Xocalı itkinlərinin humanitar faciə kimi qiymətləndirilməsi məsələsi müzakirə olunacaq, hadisələrin hüquqi və beynəlxalq aspektləri təhlil ediləcək.Tədbir interaktiv formatda təşkil olunub və müzakirələrin sonunda iştirakçıların fikir və təkliflərini səsləndirməsi üçün açıq müzakirə hissəsi nəzərdə tutulub".
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bağlı Dövlət Komissiyası 1993-cü ildə baş vermiş müharibənin yaratdığı humanitar problemlərin həlli məqsədilə yaradılıb:
"Ümumiyyətlə, silahlı münaqişələr zamanı törədilmiş faktların araşdırılması və aradan qaldırılması üçün bir çox dövlətlərin qanunvericiliyində belə komissiyaların yaradılması zəruri hesab olunur. Çünki silahlı münaqişələr humanitar fəlakətlərə və müharibə cinayətlərinə səbəb olur. Dövlət Komissiyasında Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş cinayət əməlləri ilə bağlı çoxsaylı sənəd və materiallar toplanıb. Bu materiallar bu gün də Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunur. Çox ağır və mürəkkəb proses olan müəyyən etdiyimiz ərazilərin minalardan təmizlənib-təmizlənmədiyini dəqiqləşdirməliyik. Çünki qazıntı işləri aparılarkən ciddi risklər mövcuddur. Məsələn, ötən ilin dekabr ayında qazıntı apardığımız sahə rəsmi olaraq təmizlənmiş ərazi hesab olunurdu. Buna baxmayaraq, əməkdaşlarımızın iştirakı ilə aparılan işlər zamanı həmin ərazidə mina aşkarlandı. Yəni ərazi təmizlənsə belə, yenə də risklərlə üz-üzə qalırıq. Burada yalnız Dövlət Komissiyasının İşçi Qrupu deyil, eyni zamanda Baş Prokurorluğun, Müdafiə Nazirliyinin hərbçiləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri, həmçinin Arxeologiya İnstitutunun əməkdaşları birlikdə çalışırlar. Bu, 3-5 nəfərlik iş deyil — 20-30 nəfərlik böyük komanda günlərlə, bəzən yağışın altında, çətin şəraitdə fəaliyyət göstərir".
Eldar Səmədov həmçinin bildirib ki, bütün çətinliklərə baxmayaraq, cənab Prezidentin tapşırığı var: sonuncu itkinin taleyi müəyyən olunana qədər bu iş davam etdirilməlidir. Allah nəsib etsə, daha tez nəticələr əldə edərik. Əgər bizim ömrümüz yetməsə belə, bu işi davamçılarımız davam etdirəcək. Dünyada da belə nümunələr var. Məsələn, bəzi ölkələrdə münaqişə 60-cı illərdə baş versə də, itkinlərin taleyi bu günə qədər araşdırılır və müəyyənləşdirilir:
"Xocalı soyqırımı ilə bağlı qeyd etdiyim kimi, 210 nəfər qeydiyyatdadır. Onlardan 24 nəfərin taleyi artıq müəyyən olunub və ailələrinə təhvil verilib. Dünən və bu gün isə 18 nəfərin qalıqları ailələrinə təqdim edildi. Yaxın vaxtlarda yeni sayda itkinlərin taleyinin müəyyən olunacağını gözləyirik. Arzum budur ki, bu zalda əyləşən ailə üzvlərindən də kiminsə doğmasının taleyi müəyyən olunsun. Lakin bizim işimiz yalnız arzularla deyil, müharibənin yaratdığı ağır reallıqlarla bağlıdır. Müharibə bitə bilər, lakin onun yaratdığı fəsadların aradan qaldırılması uzun illər tələb edir".
Professor, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, Xocalıya aparan yol barədə danışarkən insan istər-istəməz düşünür ki, kaş bugünkü güclü dövlətimiz o zaman da olaydı. Bu gün hər kəs bunu fikirləşir. “Kaş” demək bəzən düzgün hesab olunmur, adətən “şükür olsun” deyirik. Amma reallıq budur ki, həmin dövrdə dövlətimizin dayaqları zəif idi. O vaxt idarəçilik sistemi tam formalaşmamışdı. Müdafiə nazirləri tez-tez dəyişirdi, ordu quruculuğu zəif idi, ölkə faktiki olaraq yiyəsiz vəziyyətdə qalmışdı. İnsanlar öz imkanları ilə, könüllü şəkildə silaha sarılırdı. Bugünkü nəsil həmin dövrü yaşamayıb, biz isə o hadisələrin şahidi olmuşuq və danışdıqca yenidən yaşayırıq:
"1999-cu ildən İdarəçilik Akademiyasında dərs deyirəm. Mənə heç kim tapşırmayıb ki, ayrıca fənn kimi bu mövzunu tədris edim, amma 25 ilə yaxındır ki, Qarabağ hadisələrini tələbələrə ayrıca bir fənn kimi keçmişəm. Azərbaycan tarixini öyrənirlər, amma mən bu mövzunu xüsusi olaraq önə çəkmişəm. 26 ildir hər dəfə bu hadisələri danışdıqca sanki yenidən yaşayıram. Biz hər dəfə bu mövzulara qayıdanda özümüzü də həmin yaranın bir parçası hesab edirik. Mən özüm də Şuşada kontuziya almışam, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Bu, təkcə fiziki deyil, mənəvi yaradır. Bu gün də bir çox insan həmin travmanın təsiri altındadır və tam sağala bilməyib. Bu tədbir “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. Eldar müəllimin təmsil etdiyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupuna təşəkkür etmək istəyirəm. Bu istiqamətdə böyük işlər görülür. Nə qədər ağır olsa da, hər hansı bir itkinin taleyinin müəyyən olunması, bir sümüyünün belə tapılması ailələr üçün təsəlli olur. İnsan ən azı bilir ki, doğmasının taleyi bəllidir. Xocalıya qədər də biz bir sıra faciələr yaşamışıq. Qaradağlıda, Malıbəylidə, Quşçularda, Cəmillidə, Meşəlidə, Tuğda, Sırxavənddə, İmarət-Qərvənddə, Nəbilərdə, Kərkicahanda və digər kəndlərimizdə insanlar hücumlara, qətliamlara məruz qaldılar. 1991-ci ildə müstəqilliyimizi elan etmişdik, amma reallıqda dövlət institutları tam formalaşmamışdı".
Professor həmçinin bildirib ki, bu gün tələbələrimə də deyirəm: təsəvvür edin ki, biz bir günlük antiterror əməliyyatı ilə beş rayonda dövlət bayrağını qaldırdıq. Amma 1991-ci ildə müstəqil olmağımıza baxmayaraq, həmin ərazilərdə bayrağımız yox idi. Çünki torpaqlar işğal olunmuşdu, əhali əsir götürülmüş, itkin düşmüş, soyqırımına məruz qalmışdı. İtkin düşənlərin böyük əksəriyyətinin adı illərlə naməlum qaldı. İnsan taleyə inanmaq istəmirdi, amma reallıq çox ağır idi.
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərov bildirib ki, Mülki şəxslərə qarşı törədilən cinayətlər 90-cı illərdə işğal dövründə baş verib və bu əməllər Azərbaycan Respublikasının ərazisində həyata keçirilib. Həmin cinayətlər beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, Azərbaycan qanunvericiliyinə görə də ağır cinayət hesab olunur. Mən özüm 2023-cü ildə aparılan məhkəmə proseslərində iştirak etmişəm. Həm Birinci Qarabağ müharibəsi, həm də sonrakı dövrdə əsir götürülmüş şəxslərlə bağlı istintaq materialları ilə tanış olmuşam. Əsir mübadiləsi zamanı işgəncələrə məruz qalmış şəxslərin ifadələrinin canlı şahidi olmuşam. Onların saxlanıldığı yerlərdə necə ağır işgəncələrə məruz qaldıqları, hətta insanların diri-diri yandırılması kimi faktlar istintaq materiallarında öz əksini tapıb:
"Bütün bunlar müharibə cinayətləri və insanlığa qarşı törədilmiş ağır əməllərdir. Bu məsələlər Ermənistan tərəfinin hüquqi məsuliyyəti kontekstində qiymətləndirilməlidir. Beynəlxalq hüquqa əsasən, hər hansı bir cinayət hansı dövlətin ərazisində törədilibsə, həmin dövlətin qanunvericiliyi tətbiq olunur. Qarabağ və ətraf ərazilər beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ərazisidir. Bu səbəbdən, həmin ərazilərdə törədilmiş cinayətlərə görə Azərbaycan Respublikasının qanunları və beynəlxalq humanitar hüquq normaları tətbiq edilir. Bəzi dövlətlər müxtəlif siyasi mövqelər sərgiləyə bilər, lakin bu, hüquqi reallığı dəyişmir. Törədilmiş cinayətlərə görə tətbiq olunan cəzalar Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilir".
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə bilidirib ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bağlı Dövlət Komissiyası bu gün gördüyü işlər çox vacibdir. Ən əsas məqam odur ki, biz sübutları toplaya və beynəlxalq müstəvidə təqdim edə bilirik. Dövlət güclü olanda bu məsələlərin hüquqi və siyasi nəticələrini əldə etmək mümkündür. Bu gün Azərbaycan dövləti güclüdür və bu, bizim ən böyük üstünlüyümüzdür. Mən özüm 1988-ci ildə İrəvanda yaşamışam və həmin dövrün hadisələrinin şahidi olmuşam. O vaxt vəziyyət tam fərqli idi. Amma bu gün Azərbaycan qalib dövlətdir və bu reallıq bizim mövqeyimizi gücləndirir:
"Bu gün yalnız dövlətin deyil, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Xüsusilə hüquq sahəsində fəaliyyət göstərən ictimai birliklər, o cümlədən Qarabağ itkin ailələri ilə işləyən təşkilatlar daha fəal olmalıdır. Əsas vəzifələrdən biri ailələrlə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin dinlənilməsi və hüquqi maarifləndirmənin aparılmasıdır. Gənclərlə iş xüsusi əhəmiyyət daşıyır. Biz tariximizi və reallıqları gənc nəslə düzgün çatdırmalıyıq. Bu, həm milli yaddaşın qorunması, həm də beynəlxalq müstəvidə mövqeyimizin müdafiəsi baxımından vacibdir. Bildiyiniz kimi, bir sıra qeyri-hökumət təşkilatları beynəlxalq qurumların üzvüdür. Bizim də layihələrimiz olub və xaricdə bu məsələləri gündəmə gətirmişik. Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət davam etdirilməlidir. Beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeyi dəstəklənir. Lakin biz bu dəstəyi daha da gücləndirməliyik. Bunun üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilməli, yeni platformalarda iştirak artırılmalıdır. Məsələn, “Şərq Tərəfdaşlığı” kimi platformalarda iştirak imkanlarından istifadə etməliyik. Bəli, bəzi proseslər çətin və mürəkkəbdir, amma yenə də dialoq və hüquqi mübarizə müstəvisində öz sözümüzü deməliyik. Təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, beynəlxalq tərəfdaşlıq şəbəkələrinin gücləndirilməsi və koordinasiyalı fəaliyyət bu istiqamətdə əsas prioritet olmalıdır".
Xocalı faciəsində yaxınlarını itirmiş Vərziyar Əliyeva bildirib ki, burada bizim itkin ailələrimiz iştirak edir. Həm Xocalıdan olan itkin ailələri, həm də onlara dəstək olmaq üçün gələn digər ailələr var. Biz xüsusilə Xocalı ailələrinin yaşadığı sosial və psixoloji problemlər barədə onları dinləmək istəyirik. Xahiş edirəm, qısa və konkret danışaq. Ziya xanım, sözü sizə vermək istərdim. Bildiyimə görə, siz də itkin ailəsisiniz. Öz doğmalarınızı, əzizlərinizi itirmisiniz və bu gün də həmin ağrıları yaşamağa davam edirsiniz. Doğrudur, bu ağır acılar bizim yaddaşımızdan heç vaxt silinməyəcək. İtkin ailələrinin valideynlərindən tez-tez belə bir ifadə eşidirik: “Nə qədər ki, sağam, bu dərd məni yandıracaq.” Həqiqətən də, bu ağrı ömür boyu insanın içində qalır. Allah bütün ailələrə səbr versin:
"Bəzi ailələrdə bir neçə nəfər eyni vaxtda itkin düşüb. Elə ailələr var ki, ata, iki oğul və ya həyat yoldaşı birlikdə itkin düşüb. Bu, faciənin miqyasını daha da ağırlaşdırır. Müxtəlif illərdə itkinlərlə bağlı müxtəlif məlumatlar yayılıb, guya haradasa sağ olduqları barədə xəbərlər gəlib, sənədlər təqdim edilib. Lakin sonradan bu məlumatların bir çoxunun doğru olmadığı üzə çıxıb və ailələr yenidən sarsıntı yaşayıb. Elə ailələr var ki, bir ailədən üç nəfər itkin düşüb. Xocalı faciəsi zamanı çox sayda insan ağır xəsarətlər alıb, ailələr parçalanıb. Bu gün də həmin ağrılarla yaşayan insanlar var. Ümumilikdə, Xocalı və digər işğal olunmuş ərazilərdə baş verən hadisələr nəticəsində onlarla ailə böyük itkilər verib. Bu itkilərin hər biri bir ailənin faciəsi, bir ömürlük dərdidir".
Politoloq Zaur İbrahimli bildirib ki, Ermənistanda referendum keçirilir, böyük əksəriyyət sülh sənədini dəstəkləyir, daha sonra Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyir. Referendumun təşkili, təbliğat və təşviqat mərhələsi, eləcə də nəticələrin təsdiqi təxminən iki ay vaxt aparır. Ardınca parlament seçkiləri keçirilir və nəticələrin təsdiqi də müəyyən müddət tələb edir. Beləliklə, proseslərin xronologiyasını nəzərə alsaq, sülh müqaviləsinin hipotetik olaraq payız aylarında, məsələn sentyabrın sonu və ya noyabr ayına qədər imzalanması mümkün görünə bilər. Bundan sonra ilkin diplomatik təşəbbüslər, rəsmi görüşlər, o cümlədən BMT çərçivəsində təmaslar baş tuta bilər. Lakin diplomatiya və siyasət müəyyən nəticə versə də, daha bir mühüm mərhələ qalır – ictimai müzakirələr mərhələsi. Mən hər zaman çalışıram ki, bu müzakirələrdə Qarabağ itkiləri məsələsi gündəmdə saxlanılsın. İki il əvvəl Qarabağ itkin ailələrinin təşkil etdiyi tədbirdə də bu məsələni qaldırmışdıq. Eldar müəllim də həmin tədbirdə iştirak etmişdi:
"Bəlkə də hazırkı mərhələ kövrək və həssas mərhələdir, bəzi məsələləri arxa planda saxlayırıq. Amma mənim şəxsi fikrim budur ki, bundan sonra çəkinməməliyik. Dövlət öz işini görür, dövlət qurumları fəaliyyətini davam etdirir. Lakin ictimai müzakirələrdə, xüsusilə ictimaiyyət nümayəndələrinin iştirak etdiyi platformalarda itkinlər məsələsi mütləq gündəmə gətirilməlidir. Düşünürəm ki, sülh danışıqlarının tərkib hissələrindən biri də itkinlərin taleyi və məsuliyyət məsələsi olmalıdır. Ermənistanın bu məsələdə cavabdehliyi unudulmamalı və daim xatırladılmalıdır. İstənilən yaxınlaşma, istənilən təşəbbüs alqışlana bilər, lakin bu, məsuliyyət məsələsini gündəmdən çıxarmamalıdır. Mən özüm də erməni ekspertlərlə bir neçə dəfə teledebatlarda iştirak etmişəm və hər dəfə iki məsələni mütləq qaldırmışam: birincisi, itkinlərin taleyi; ikincisi, mina xəritələri və minalanmış ərazilərlə bağlı məsuliyyət. Bu iki məsələ üzrə Ermənistan heç bir halda məsuliyyətdən yayınmamalıdır. Hətta gələcəkdə iqtisadi əməkdaşlıq və ticarət əlaqələri genişlənsə belə, hüquqi və mənəvi məsuliyyət məsələsi daim gündəmdə saxlanmalıdır".
QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu bildirib ki, bu il mən Minadan Zərərçəkənlər Assosiasiyasının sədri kimi də fəaliyyət göstərirəm. Həqiqətən də, kütləvi məzarlıqlar aşkar ediləndə həmin ərazilərdə mina təhlükəsi çox yüksək olur. Çünki işğal dövründə minalar müxtəlif məqsədlərlə basdırılıb. Bəzən elə yerlərə yerləşdirilib ki, gələcəkdə axtarış aparılacağı təqdirdə partlayış baş versin. Adətən minalar çay kənarlarında, cığırlarda, ərzaq və su mənbələrinə yaxın ərazilərdə yerləşdirilirdi. Lakin hamı bilməlidir ki, torpağın relyefi zamanla dəyişir. 30 santimetrdən daha dərinlikdə yerləşən minaları texniki qurğular bəzən aşkar edə bilmir. Üstəlik, yağış, sel və torpaq sürüşmələri minaların yerini dəyişə bilir. Bu isə prosesi daha da mürəkkəbləşdirir:
"Məsələn, Ağdam istiqamətində – keçmiş təmas xətti boyunca – illər ərzində böyük bir kolluq və meşəlik sahə formalaşıb. Əvvəllər açıq olan ərazilər minalandıqdan sonra təbii şəkildə bitki örtüyü ilə örtülüb. Təsəvvür edin ki, ağacı kəsmək istəyərkən mişar detonasiyaya səbəb ola və partlayış baş verə bilər. Bu ehtimal realdır və belə hallar baş verib. Bəzi ərazilərə ümumiyyətlə daxil olmaq mümkün deyil. Bu, son dərəcə mürəkkəb və təhlükəli prosesdir. Mənə göstərilən videolarda sapyorlarımızın faktiki olaraq ilan kimi sürünərək mina axtardıqlarını görmüşəm. Bu, böyük risk və fədakarlıq tələb edir. Cənab Prezident də bu məsələyə xüsusi diqqət yetirib və əsas prioritet kimi məskunlaşacaq ərazilərin mina təmizlənməsini müəyyənləşdirib. İlk növbədə yaşayış məntəqələri və ətraf ərazilər hasara alındı, təhlükəsizlik tədbirləri gücləndirildi. Lakin bütün ərazilərin tam təmizlənməsi üçün illər tələb olunur. Bu zonalar son dərəcə təhlükəlidir və icazəsiz daxil olmaq olmaz".
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun baş məsləhətçisi Zaur İsmayılov bildirib ki, biz Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etmişik və Dövlət Komissiyası ilə əməkdaşlıq çərçivəsində Geofizika İnstitutunun əməkdaşlarını da prosesə cəlb etmişik. Xankəndi yaxınlığında aparılan qazıntı işlərinə həmin mütəxəssislər də qatılıblar. Onların istifadə etdiyi qurğular torpağın dərin qatlarında sümük qalıqlarını birbaşa müəyyən edə bilməsə də, orada hər hansı predmetin – metal, taxta və ya digər əşyanın mövcudluğunu aşkar edə bilir. Aparılan ölçmələr zamanı müəyyən edilir ki, torpaq altında çuxur və həmin çuxurda müəyyən predmetlər var. Bu isə qazıntı aparılması üçün ilkin əsas yaradır. Qazıntı işləri əsasən hansı məlumatlara əsaslanır? İlk növbədə Dövlət Komissiyasında toplanmış məlumatlara – əsirlikdən qayıtmış şəxslərin ifadələrinə, ailə üzvlərinin verdiyi məlumatlara və Komissiyanın apardığı araşdırmaların nəticələrinə. Məhz bu məlumatlar əsasında son dövrlərdə Ağdərə və Xankəndi istiqamətində aparılan qazıntılar nəticəsində kütləvi məzarlıqlar aşkar olunub:
"Ümumiyyətlə, qazıntı və axtarış işləri işğaldan azad olunmuş ərazilərdə 2022-ci ilin fevral ayından etibarən mina təmizlənmə işləri başlandı. Ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi başa çatdıqdan sonra müvafiq qurumlar tərəfindən qazıntı işlərinə start verilib. İndiyədək ümumilikdə 32 insan qalığı aşkar olunub. Həm kütləvi, həm də fərdi məzarlıqlar müəyyən edilib. Müxtəlif kateqoriyalar üzrə itkin düşmüş şəxslərin naməlum məzarlarda basdırıldığı faktları təsdiqini tapıb. Hazırda bəzi hallarda ailələr naməlum qalıqları öz yaxınlarına aid hesab edərək dəfn ediblər. Onlar başdaşı qoyub ad yazsalar da, sonradan yenidən Komissiyaya müraciət ediblər ki, rəsmi eyniləşdirmə aparılsın. Hazırda respublika üzrə 198 naməlum məzarla bağlı iş aparılır. Bu istiqamətdə Baş Prokurorluqla birgə tədbirlər görülür. Artıq Sumqayıt, Gəncə və Bakı şəhərlərində birinci və ikinci Şəhidlər Xiyabanına aid 17 məzarın açılması və eyniləşdirilməsi həyata keçirilib. Bu proses davam edir. Yaxın günlərdə daha 20-yə yaxın məzarın açılması və eyniləşdirilməsi planlaşdırılır. Sahə işləri davam etdiriləcək. Ağdərə istiqamətində və digər ərazilərdə qazıntı və araşdırmalar mərhələli şəkildə davam etdirilir? Qazıntı işləri aparılıb və nəticədə 30-a yaxın fakt aşkar olunub. Hazırda işlər davam etdirilir. Ağdam rayonu ərazisində, eləcə də Füzuli rayonu ərazisində, xüsusilə də Füzulinin şiddətli döyüşlərin getdiyi Qorğan kəndi və Aşağı Seyid kəndi ərazilərində qazıntı və araşdırma işləri mərhələli şəkildə davam etdiriləcək."
"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İB-nin sədri Cəsarət Hüseynzadə bildirib ki, Xocalı faciəsinin baş verdiyi dövrdə mənim təxminən 15 yaşım var idi, lakin həmin illərin ictimai-siyasi prosesləri bu gün də hər kəsin yaddaşındadır. Müharibə şəraitində xalqın birliyi mövcud olsa da, insanları arxasınca aparacaq, siyasi prosesləri düzgün təhlil edəcək və beynəlxalq aləmdə nüfuz sahibi olacaq vahid və güclü rəhbərlik yox idi. Bütün məsələləri koordinasiyalı şəkildə həll edə biləcək liderliyin çatışmazlığı isə dövrün ən böyük çətinliklərindən biri olub. Həmin ağır mərhələnin yaratdığı çətinliklər hər birimizin taleyinə yazılıb:
"Bu gün dövlətimiz güclüdür, amma itkin ailələrinin acısı hər il yox, demək olar ki, hər gün təzələnir. Onlar ailələrin ən əziz üzvləridir və sözsüz ki, bu ağrı xalqımızın hər bir nümayəndəsi üçün də ağırdır. Dövlətin öz xüsusi missiyası var, eyni zamanda müəyyən missiya da qeyri-hökumət təşkilatlarının üzərinə düşür. Son illərdə xüsusilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin fəaliyyətini yaxşı mənada izləyirik. Yumşaq güc kimi ictimai birliklər bu prosesdə mühüm rol oynayır. Bəzən dövlətin deyə bilmədiyini qeyri-hökumət təşkilatları ifadə edir. Xüsusi məqam ondan ibarətdir ki, dövlət də imkanları çərçivəsində bu təşkilatlara dəstək göstərir. Eyni zamanda Dövlət Komissiyası ilə qeyri-hökumət təşkilatları arasında sağlam kommunikasiya mövcuddur. Siyahıların qarşılıqlı ötürülməsi və məlumat mübadiləsi çox müsbət haldır. Erməni məsələsinə toxunanda bəzən özümə sual verirəm. Xocalı hadisələrində rus hərbi qüvvələrinin müstəsna rolu olub. Müharibənin maliyyələşdirilməsindən tutmuş lobbiçilik fəaliyyətinə qədər müxtəlif xarici təsirlər mövcud idi. Lakin bütün hallarda ermənilərin törətdiyi vəhşiliklər bir daha sübut edir ki, bu düşmənçilik uzun illər davam edən sistemli erməni siyasətinin nəticəsidir. Xarici qüvvələrin təsiri olsa belə, bu proses uzun illərdir davam edir. Məhz buna görə cənab Prezidentin də dediyi kimi, biz həmişə ayıq və sayıq olmalıyıq. Azərbaycan Ordusu daim güclü olmalıdır. Sülhə hazır olmaq üçün hər zaman müharibəyə hazır olmaq lazımdır".
QHT sədri həmçinin bildirib ki, Xocalı ilə bağlı qeyd etmək istəyirəm ki, “Xocalıya ədalət” kampaniyası uzun müddət Leyla xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən mühüm kampaniya oldu. Türkiyədə və dünyanın müxtəlif ölkələrində bu kampaniya geniş vüsət aldı və Xocalı soyqırımının tanıdılmasında müstəsna rol oynadı. Müəyyən dövrlərdə beynəlxalq mətbuatda da Xocalı ilə bağlı yazılar dərc olunub və biz bunları izləyirik:
"Beynəlxalq insan hüquqları təşkilatlarının fəaliyyətinə gəldikdə, təəssüf ki, yüzlərlə, minlərlə insanın kütləvi şəkildə hüquqlarının pozulmasına lazımi qiymət verilməyib. Söz azadlığı, ifadə azadlığı, birləşmək hüququ vacibdir. Bunlar hər birimiz üçün önəmlidir. Amma ən ali hüquq insanın yaşamaq hüququdur. Təxminən 4 004-ə yaxın itkin düşmüş şəxsin taleyi hələ də naməlumdur. Bu insanların yaşamaq hüququnun pozulmasına beynəlxalq təşkilatlar ilk növbədə qiymət verməlidirlər. Sizin fəaliyyətinizə uğurlar arzulayıram. Doğrudan da böyük iş görürsünüz. Ən vacibi isə odur ki, ətrafınızda bu insanlar – itkin ailələri, icmalar və benefisiarlar var. Məhz onların haqq səsi sizin gücünüzdür. Bilirəm ki, artıq bu məsələ Avropada da gündəmə gətirilir və ümid edirəm ki, növbəti illərdə də bu istiqamətdə fəaliyyət davam edəcək".