AZ

Xocalı itkinləri ilə bağlı yeni nəticələr gözlənilir - AÇIQLAMA

"Çox ağır və mürəkkəb proses olan müəyyən etdiyimiz ərazilərin minalardan təmizlənib-təmizlənmədiyini dəqiqləşdirməliyik. Çünki qazıntı işləri aparılarkən ciddi risklər mövcuddur. Məsələn, ötən ilin dekabr ayında qazıntı apardığımız sahə rəsmi olaraq təmizlənmiş ərazi hesab olunurdu. Buna baxmayaraq, əməkdaşlarımızın iştirakı ilə aparılan işlər zamanı həmin ərazidə mina aşkarlandı. Yəni ərazi təmizlənsə belə, yenə də risklərlə üz-üzə qalırıq. Burada yalnız Dövlət Komissiyasının İşçi Qrupu deyil, eyni zamanda Baş Prokurorluğun, Müdafiə Nazirliyinin hərbçiləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri, həmçinin Arxeologiya İnstitutunun əməkdaşları birlikdə çalışırlar. Bu, 3-5 nəfərlik iş deyil — 20-30 nəfərlik böyük komanda günlərlə, bəzən yağışın altında, çətin şəraitdə fəaliyyət göstərir".

QHT.az xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masada bildirib. Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, cənab Prezidentin tapşırığı var: sonuncu itkinin taleyi müəyyən olunana qədər bu iş davam etdirilməlidir. Allah nəsib etsə, daha tez nəticələr əldə edərik. Əgər bizim ömrümüz yetməsə belə, bu işi davamçılarımız davam etdirəcək. Dünyada da belə nümunələr var. Məsələn, bəzi ölkələrdə münaqişə 60-cı illərdə baş versə də, itkinlərin taleyi bu günə qədər araşdırılır və müəyyənləşdirilir:

"Xocalı soyqırımı ilə bağlı qeyd etdiyim kimi, 210 nəfər qeydiyyatdadır. Onlardan 24 nəfərin taleyi artıq müəyyən olunub və ailələrinə təhvil verilib. Dünən və bu gün isə 18 nəfərin qalıqları ailələrinə təqdim edildi. Yaxın vaxtlarda yeni sayda itkinlərin taleyinin müəyyən olunacağını gözləyirik. Arzum budur ki, bu zalda əyləşən ailə üzvlərindən də kiminsə doğmasının taleyi müəyyən olunsun. Lakin bizim işimiz yalnız arzularla deyil, müharibənin yaratdığı ağır reallıqlarla bağlıdır. Müharibə bitə bilər, lakin onun yaratdığı fəsadların aradan qaldırılması uzun illər tələb edir".

Seçilən
17
1
qht.az

2Mənbələr