“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü Yevlax təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox maraqlı oyun oldu. Meydanda mübarizə getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Bilirik ki, “Zirə” yaxşı komandadır, amma bu gün biz də yaxşı oynadıq. Bir standart vəziyyətdə rəqibi buraxdıq və qapımızda qol gördük. Hesabı bərabərləşdirmək istədik. Oyunun gedişatında sistemdə dəyişiklik etdik, hücumçuların sayını artırdıq. Təəssüf ki, qol vura bilmədik. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq”.
Füzuli Məmmədov Qavi Tompsonun ilk hissədə əvəzlənməsinə etiraz etməsinə də münasibət bildirib:
“Hər bir fubtolçunun oyunu alınmayanda stresə düşür. Bu, normaldır. Qavi təcrübəli oyunçulardandır. Sakitləşdikdən sonra başa düşdü. Qavini dəyişdik ki, ora hücumameyilli oyunçu əlavə edək. Hesabda geridə idik. Qavi yarımmüdafiəçidir, Kinqs isə hücumameyillidir. Biz futbolçuların zəif çıxışına görə yox, hücumda effektiv olmaq üçün dəyişiklik edirik. Taktiki gedişlərdir”.
Baş məşqçi hakimlərin onların oyunlarında diqqətli olmalarının vacibliyini də vurğulayıb:
“Epizodlara VAR-da oturanlar da baxırlar. Bu gün bir epizodda dirsək zərbəsi var idi, amma necə dəyərləndirirlər, bilmirəm. Hakimlər bizdən daha biliklidirlər. O epizodda dirsək var idi. Bizim müdafiəçimizə qarşı dirsək zərbəsi oldu. Ötən oyunda da rəqibimizə aşkar qırmızı vərəqə verilməmişdi. Bütün bunlar bizə çox təsir edir. Biz çox əziyyət çəkirik. Futbolçular da əziyyət çəkirlər. Hər oyuna qalibiyyət üçün çıxırıq. Belə epizodlar bizi əzir. Bizim oyunlarda hakimlər maksimum diqqətli olmalıdırlar. Hansısa səhv bizi Premyer Liqadan sala bilər. İstəyim odur ki, hakimlər bizim matçlarda çox diqqətli olsunlar”.
