EN

Tahir Gözəl “Neftçi”yə təşəkkür etdi – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın prezidenti Tahir Gözəl “Neftçi” klubuna onlara göstərdiyi jestə görə təşəkkür edib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəhbəri klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Nyukasl”la oyunlar arasında cəmi 6 gün fasilə olduğunu və bu müddətdə komandanın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilməli olan oyunun təxirə salınmasına razılıq verdiyi üçün “Neftçi”yə təşəkkürünü bildirib:

“Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə “Neftçi” rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. “Neftçi” klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.

İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm. “Neftçi”yə gələcək fəaliyyətində uğurlar arzulayıram”, deyə Tahir Gözəl bildirib.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 21-ci turunda üz-üzə gələcək “Neftçi” və “Qarabağ” komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb. “Qarabağ”ın Peşəkar Futbol Liqasına rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
14
9
arena.az

10Sources