"Şamaxı" bu gün Misli Premyer Liqasının 19-cu turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, rayonda güclü qar yağır. Hazırda Şamaxı şəhər stadionunun ot örtüyü qardan təmizlənməsi işləri görülür. Lakin paralel olaraq yağıntı da davam edir.
Görüşün təxirə salınıb-salınmayacağı isə dəqiq deyil. PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev saytımıza açıqlamasında məsələ haqda danışıb:
“Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan sırf bu durumlar üçün nəzərdə tutulmuş qartəmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi üçün təmizlənən ərazi yenidən qarla örtülür və əsas problem məhz budur. Amma işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da təmin olunub. Əlbəttə ki, əsas məqsəd oyunun əvvəlcədən planlaşdırıldığı qaydada keçirilməsidir və bunun üçün bütün addımlar atılır. Əgər aradan qaldırılması mümkün olmayan problemlər meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq addımlar atılacaq".
Qeyd edək ki, "Şamaxı" - "Qarabağ" matçı saat 14:30-da start götürməlidir.
Elçin Əlixan
saytlarin hazirlanmasi