“Qeyd olunmalıdır ki, “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının bir hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satılması ilə bağlı sənəd enerji əməkdaşlığında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu addım Azərbaycanın enerji layihələrinin beynəlxalq investisiyalar üçün cəlbediciliyini artırmaqla yanaşı, ölkəmizin etibarlı enerji tərəfdaşı statusunu daha da gücləndirir. Paralel olaraq Azərbaycan və BƏƏ Müdafiə Nazirlikləri arasında müdafiə əməkdaşlığına dair niyyət məktubunun imzalanması təhlükəsizlik sahəsində qarşılıqlı etimadın və strateji koordinasiyanın dərinləşdiyini göstərir. Səfərin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə keçirilən “Sülh Qalxanı–2026” birgə əməliyyat-taktiki təlimini izləmələri oldu. Bu fakt Azərbaycan–BƏƏ münasibətlərinin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, praktiki müstəvidə də inkişaf etdiyini, müdafiə sahəsində real əməkdaşlığın formalaşdığını sübut edir. Birgə təlimlər regional və beynəlxalq təhlükəsizlik təşəbbüslərinə töhfə verməklə yanaşı, Azərbaycanın sülh və sabitliyə əsaslanan xarici siyasət konsepsiyasına tam uyğundur. Səfərin ən mühüm siyasi və mənəvi hadisələrindən biri isə əlbəttə ki, cənab Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasıdır. Dünyada sülhün təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və xalqlar arasında dialoqun inkişafına verilən töhfələrə görə təqdim edilən bu nüfuzlu mükafat Prezident İlham Əliyevin qlobal miqyasda artan nüfuzunun və liderlik rolunun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Bu mükafat eyni zamanda Azərbaycanın multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dövlət siyasətinin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini göstərir. Beləliklə, BƏƏ-yə işgüzar səfər bir daha təsdiqlədi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə yürüdülən xarici siyasət milli maraqlara xidmət etməklə yanaşı, qlobal sülh və əməkdaşlıq gündəliyinə real töhfələr verir”.