"Ucuz qida hər zaman keyfiyyətsiz demək olmasa da, əksər hallarda qiymətin aşağı olması məhsulun qida dəyərinin də zəif olması ilə nəticələnir".
Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, aztəminatlı ailələr məhdud büdcə səbəbilə daha çox doyumluluğu yüksək, lakin vitamin və mineral baxımından kasad olan məhsullara üstünlük verməyə məcbur qalırlar: "Bu isə balanssız qidalanmanı qaçılmaz edir.
Belə qidalanma modeli uzunmüddətli perspektivdə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri, uşaqlarda inkişaf geriliyi və immun sisteminin zəifləməsi kimi ciddi sağlamlıq riskləri yaradır. Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üçün bu risk daha yüksəkdir, çünki onların qida ehtiyacları daha həssasdır və düzgün qarşılanmadıqda fəsadlar daha ağır ola bilər.
Digər tərəfdən, düzgün planlama aparıldıqda ucuz, lakin nisbətən faydalı qidalar seçmək mümkündür. Mövsümi tərəvəzlər, paxlalılar, yumurta və ev şəraitində bişirilən sadə yeməklər həm daha sərfəli, həm də daha sağlam alternativ ola bilər. Burada problem təkcə gəlir səviyyəsi ilə məhdudlaşmır, eyni zamanda qida savadlılığının zəif olması da mühüm rol oynayır.
Ucuz qida məcburi seçimə çevrildikdə keyfiyyətsiz qidalanma riski artır və aztəminatlı ailələr bu baxımdan həqiqətən risk altındadır. Bu problemin həlli yalnız fərdi seçimlərlə deyil, eyni zamanda maarifləndirmə, sosial dəstək proqramları və sağlam qidaya əlçatanlığın artırılması ilə mümkündür".