AZ

Akif Kərimov: Sağlam həyat tərzi xərçəng xəstəliklərinin qarşısının alınmasında əsas şərtdir

"Məlum olduğu kimi, xərçəng xəstəlikləri hazırda ən актуal problemlərdən biridir. Ürək-damar xəstəliklərindən sonra ölümə səbəb olan ikinci əsas xəstəlik məhz xərçəngdir və bununla mübarizə daim aparılmalıdır. İnsanlar narkotik vasitələrdən, siqaretdən və spirtli içkilərdən uzaq durmalıdırlar. Hətta çox isti çayın mütəmadi istifadəsi belə qida borusunda xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Kanserogen maddələrdən ibarət olan qidalar, xüsusilə emal olunmuş ət və balıq məhsulları, konservləşdirilmiş və tərkibi dəyişdirilmiş qidalardan uzaq durmaq mütləqdir".

Bu fikirləri “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov QHT.az-a açıqlamasında verib. Onun sözlərinə görə, bu xəstəliklərin riskləri kifayət qədər yüksəkdir. Risk qrupuna daxil olan şəxslər, xüsusilə 50 yaşına çatmış və ya bu yaşdan əvvəl risk faktorları olan insanlar mütəmadi olaraq müayinədən keçməlidirlər. Onkoloq tərəfindən rentgen, tomoqrafiya və digər köməkçi diaqnostik vasitələrdən istifadə olunması vacibdir:

"Artıq çəki və piylənmə də xərçəng xəstəlikləri üçün ciddi risk faktorudur. Çəki nə qədər artıq olarsa və immun sisteminin müqaviməti zəif olarsa, insanın bu xəstəliklərə tutulma ehtimalı bir o qədər yüksəlir. Buna görə də erkən diaqnostika olduqca vacibdir. Xüsusilə qadınlarda süd vəziləri ilə bağlı problemlər son dövrlər daha актуal xarakter alıb. Əgər ailədə irsi xəstəlik halları varsa, həmin şəxslər mütləq profilaktik müayinələrdən keçməli və xəstəliyin qarşısını vaxtında almalıdırlar. Zəruri hallarda cərrahi müdaxilə və digər müalicə üsullarından istifadə edilməlidir. Orqanizmdə olan kistalar və xoşxassəli şişlər də zamanla bədxassəli şişlərə çevrilə bilər. Buna görə də bu hallara xüsusi diqqət yetirilməli və mütəmadi müayinələr aparılmalıdır. Qida məhsullarına xüsusi diqqət yetirilməlidir. Konservləşdirilmiş, köhnəlmiş və tərkibi şübhəli olan qidalardan uzaq durmaq lazımdır. Sağlam və təbii qidalanma xərçəng xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır".

QHT sədri həmçinin bildirib ki, ümumiyyətlə, həyat tərzinə ciddi nəzarət etmək vacibdir ki, bu cür xəstəliklərin yaranmasının qarşısı alınsın. Xəstəlik aşkar edildikdə isə vaxt itirmədən həkimə müraciət olunmalı və erkən mərhələdə müalicəyə başlanmalıdır.

Qeyd edək ki, 4 fevral dünya ölüm hallarının əsas səbəblərindən biri olan Xərçəngə qarşı Ümumdünya Mübarizə Günüdür. 

 

Pərvanə Fərhadqızı

Seçilən
32
31
qht.az

10Mənbələr