Bakı, 2 fevral, AZƏRTAC
Bakı–Quba–Dağıstan yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində S.Mirzəyeva və qardaşı R.Mirzəyev həyatlarını itiriblər. Bu hadisə sadəcə yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir.
Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
“Yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur, qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir”,- deyə məlumatda vurğulanıb.
12:26
Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 1-i gecə saatlarında “Chevrolet” markalı avtomobil yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan iki sərnişin dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.