Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, Fərid Mirzəyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil yük avtomobilinə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan sərnişinlər – 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi də Siyəzəndə bacı-qardaşın öldüyü yol qəzası barədə məlumat yayıb. Bildirilib ki, fevralın 1-də Bakı–Quba–Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində S. Mirzəyeva və qardaşı R.Mirzəyev həyatlarını itirib: “Bu hadisə sadəcə, yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir. Yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur, qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir”.