EN

Zamiq Əliyevin komandası “Tirana”ya evdə uduzdu – ARENA.AZ

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 22-ci turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Əliyev bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.

“Eqnatiya” 22 turdan sonra 39 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 22 oyunda 11 qələbə qazanıb, 6 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 56 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
19
10
arena.az

10Sources