Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti təkcə ötən ilin yekunu deyil, eyni zamanda postmüharibə dövründə Azərbaycanın siyasi, hərbi və diplomatik kursunun konseptual təqdimatı kimi diqqət çəkir.
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.
Onun sözlərinə görə, müraciət açıq şəkildə göstərir ki, Azərbaycan artıq regional gündəliyin obyekti deyil, onu formalaşdıran əsas aktorlardan biridir:
"Prezidentin çıxışında əsas leytmotiv xalq–iqtidar birliyidir. Bu birlik təkcə Vətən müharibəsində qələbənin deyil, sonrakı beş ildə əldə olunan siyasi-diplomatik nəticələrin də başlıca dayağı kimi təqdim olunur. Dövlət başçısı Zəfərin beşinci ildönümünü xatırladaraq, Qarabağ məsələsinin artıq beynəlxalq gündəlikdən silindiyini xüsusi vurğulayır. Bu, təkcə hərbi yox, eyni zamanda siyasi Zəfərin təsdiqidir.
Minsk qrupunun faktiki olaraq tarixə göndərilməsi və Ermənistanla sülh müqaviləsinin paraflanması onu göstərir ki, Azərbaycan münaqişə sonrası mərhələdə qalib dövlətin diktə etdiyi reallıqları beynəlxalq miqyasda qəbul etdirə bilib", - deyə A.Camalqızı qeyd edib.
Siyasi şərhçi vurğulayıb ki, Prezidentin müraciətində diqqətçəkən məqamlardan biri “biz yeni müharibəyə hazırlaşmırıq” tezisi ilə yanaşı, təhlükəsizlik məsələsinin prioritet kimi saxlanılmasıdır: "İlham Əliyev açıq mesaj verir: beynəlxalq hüququn zəiflədiyi, güc amilinin ön plana çıxdığı indiki dünyada yalnız güclü dövlətlər öz suverenliyini qoruya bilir.