AZ

2025-ci il Azərbaycanın gücünün, suverenliyinin və qlobal mövqeyinin təsdiqi oldu - ŞƏRH

Bakı, 2 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin dekabrın 31-də Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il müraciətində səsləndirilən fikirlər Azərbaycanın keçdiyi yolun, əldə etdiyi tarixi nailiyyətlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji xəttin aydın mənzərəsini ortaya qoydu. Müraciətdə, xüsusilə vurğulanan məqamlar 2025-ci ilin Azərbaycan üçün milli gücün möhkəmləndiyi, dövlətçiliyin daha da gücləndiyi və beynəlxalq mövqelərin təsdiqləndiyi il olduğunu göstərir. Prezident İlham Əliyev, ilk növbədə, bildirdi ki, 2025-ci ildə Azərbaycan xalqı tarixi Zəfərin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

O bildirib ki, otuz ilə yaxın davam edən işğala son qoyulması tarixi ədalətin bərpası olmaqla yanaşı, güclü siyasi iradənin, milli birliyin və dövlət-xalq həmrəyliyinin parlaq təzahürü kimi tarixə düşüb. Son beş il ərzində Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz edilməsi, ordunun döyüş qabiliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, xüsusi təyinatlı qüvvələrin say və peşəkarlıq baxımından dəfələrlə gücləndirilməsi Azərbaycanın hərbi qüdrətinin əsasını təşkil edir.

"Müraciətdə dünyada müşahidə olunan geosiyasi gərginliklər və genişmiqyaslı silahlanma prosesi fonunda milli təhlükəsizliyin prioritet məsələ olduğu xüsusi vurğulandı. Bu reallıqlar şəraitində güclü orduya malik olmaq və müstəqil qərarvermə qabiliyyətini qorumaq dövlətin əsas təminatı kimi təqdim edildi.

Vətən müharibəsindən sonrakı dövrdə əsas strateji hədəflərdən birinin Zəfərin beynəlxalq və siyasi müstəvidə möhkəmləndirilməsi olduğu bildirildi və bu istiqamətdə qarşıya qoyulan məqsədlərin tam şəkildə reallaşdırıldığı xüsusi vurğulandı. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, bu gün Azərbaycanın qalib dövlət statusu beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunur, Qarabağ məsələsi artıq beynəlxalq gündəlikdən çıxarılıb. ATƏT-in Minsk qrupu tarixə qovuşub və bununla da münaqişə mövzusu beynəlxalq platformalarda tam olaraq qapanıb. Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin Vaşinqtonda, dünyanın ən mötəbər ofisi olan Oval ofisdə, ABŞ Prezidentinin iştirakı ilə təsdiqlənməsi isə döyüş meydanında əldə etdiyimiz tarixi qələbənin beynəlxalq səviyyədə tam tanınmasının siyasi ifadəsi oldu", - deyə A.Quliyev vurğulayıb.

Deputatın sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzunun artması və müstəqil siyasət kursu müraciətin əsas mesajlarından biri oldu: "Bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanan bu siyasət çərçivəsində ölkənin daxili işlərinə hər hansı müdaxiləyə qətiyyən imkan verilmədiyi açıq şəkildə ifadə edildi. Xalq-iqtidar birliyi, siyasi iradə, hərbi güc və iqtisadi potensialın vəhdəti Azərbaycanın elə bir səviyyəyə çatmasını təmin edib ki, bu gün heç bir xarici güc öz iradəsini ölkəmizə diktə edə bilməz.

Çoxşaxəli xarici siyasət kursu çərçivəsində Azərbaycanın səkkiz beynəlxalq təşkilatın üzvü kimi fəal iştirakı, həmçinin Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasına tamhüquqlu üzvlüyü ölkəmizin regional və qlobal proseslərdə artan rolunun göstəricisi kimi dəyərləndirildi. Müraciətdə, həmçinin 2025-ci ildə Azərbaycanda keçirilmiş mötəbər beynəlxalq tədbirlərin xüsusi əhəmiyyəti vurğulandı. Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirməklə yanaşı, Türk dünyasının birliyi istiqamətində mühüm siyasi mesajlar verdi.

İqtisadi sahədə əldə olunan nəticələr müraciətdə xüsusi yer tutdu. Valyuta ehtiyatlarının 80 milyard ABŞ dollarını ötərək tarixi rekord həddə çatması, xarici borcun ÜDM-in cəmi 6,3 faizini təşkil etməsi və valyuta ehtiyatlarının xarici borcu 16 dəfə üstələməsi ölkənin maliyyə dayanıqlığının göstəricisi kimi təqdim olundu. Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən kredit reytinqinin yüksəldilməsi yürüdülən iqtisadi siyasətin etibarlılığını təsdiqləyir.

“Böyük Qayıdış” proqramı milli prioritetlərdən biri kimi qiymətləndirildi. İşğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz quruculuq işləri nəticəsində artıq 70 minə yaxın insanın bu torpaqlarda yaşaması, işləməsi və təhsil alması, keçmiş məcburi köçkünlərin 32 kənd, qəsəbə və şəhərə qayıtması tarixi ədalətin praktik təcəssümü kimi dəyərləndirildi. Bu prosesin mərhələli şəkildə davam etdiriləcəyi vurğulandı".

Deputat bildirib ki, müraciətin mühüm mesajlarından biri də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı oldu. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü, müstəqil və qalib dövlətin dayandığı xüsusi olaraq qeyd edildi. Soydaşlarımızın taleyinin dövlət üçün dəyərli olduğu və milli həmrəyliyin Azərbaycanın ən böyük güclərindən biri olduğu vurğulandı.

 

Seçilən
120
50
azertag.az

10Mənbələr