AZ

2026-cı ildə hədəfimiz həmrəylik, güclü dövlət və dayanıqlı iqtisadiyyatdır » AzadMedia.az


Məşhur Məmmədov,
Milli Məclisin deputatı


Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza ünvanladığı müraciət müasir Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi strateji nailiyyətlərin və gələcəyə yönəlik aydın baxışının dolğun ifadəsi kimi diqqət çəkdi. Bu müraciət təkcə təbrik xarakteri daşımadı, eyni zamanda ölkənin siyasi, hərbi və xüsusilə iqtisadi potensialının obyektiv mənzərəsini ortaya qoydu.
2025-ci il Azərbaycan üçün sabitlik, təhlükəsizlik və davamlı inkişaf ili kimi yadda qaldı. Xalq-iqtidar birliyi fonunda həyata keçirilən balanslı dövlət siyasəti ölkəmizin həm daxili dayanıqlığını, həm də beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. Prezidentin vurğuladığı kimi, məhz bu birlik Azərbaycanın uğurlarının əsas təməlini təşkil edir.
Ölkə rəhbərinin qeyd etdiyi kimi, Zəfərimizin beşinci ildönümünün yüksək fəxarət hissi ilə qeyd olunması bir daha sübut etdi ki, 2020-ci ildə qazanılmış Qələbə təkcə hərbi deyil, siyasi və iqtisadi reallıqları da köklü şəkildə dəyişib. Azərbaycan bu gün müharibədən çıxmış yox, Zəfərdən doğan güclü dövlət kimi regional və qlobal proseslərdə söz sahibinə çevrilib. Güclü ordu quruculuğu ilə paralel şəkildə formalaşan iqtisadi potensial milli təhlükəsizliyin əsas dayaqlarından biridir.
Müraciətdə xüsusi yer tutan iqtisadi göstəricilər Azərbaycanın dayanıqlı inkişaf modelinin real nəticələrini aydın şəkildə nümayiş etdirir. Dövlətimizin valyuta ehtiyatlarının 80 milyard ABŞ dollarını ötərək tarixi maksimuma çatması, xarici borcun ÜDM-in cəmi 6,3 faizi səviyyəsində saxlanılması ölkənin maliyyə müstəqilliyinin göstəricisidir. Qeyd edilməlidir ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcu 16 dəfə üstələyir. Bu isə bir çox inkişaf etmiş ölkələr üçün belə əlçatmaz göstəricidir.
Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində müsbət qiymətləndiriblər. Bu amil ölkəyə xarici sərmayələrin cəlb olunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Güclü iqtisadi baza, enerji və nəqliyyat layihələri Azərbaycanın geosiyasi mövqeyini də daha da gücləndirir.
İqtisadi inkişafın sosial ölçüləri də Prezidentin müraciətində ön plana çəkilir. “Böyük Qayıdış” Proqramının uğurla icrası nəticəsində işğaldan azad edilmiş ərazilərdə artıq 70 minə yaxın insanın yaşaması, çalışması və təhsil alması dövlətin sosial məsuliyyətinin və planlı inkişaf strategiyasının bariz nümunəsidir. Keçmiş məcburi köçkünlərin 32 yaşayış məntəqəsində müasir şəraitlə təmin olunması sosial ədalətin bərpası ilə yanaşı, milli həmrəyliyin real təzahürüdür.
Prezident İlham Əliyevin müraciətində Azərbaycanın beynəlxalq nüfuzunun artması da xüsusi vurğulandı. D-8 təşkilatına ilk yeni üzv kimi qəbul olunmağımız, Orta Asiya ölkələrinin Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimiz ölkəmizə göstərilən yüksək etimadın və hörmətin göstəricisidir. Bu uğurlar güclü iqtisadiyyat və müstəqil siyasətin məntiqi nəticəsidir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə səsləşən bu müraciət bir daha göstərdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü, iqtisadi cəhətdən dayanıqlı, siyasi baxımdan müstəqil Azərbaycan dövləti dayanır. Bu, təkcə mənəvi deyil, eyni zamanda strateji təminatdır.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf xətti Azərbaycanın 2026-cı ilə də inamla, güclü iqtisadi potensial və sarsılmaz milli birliklə daxil olmasını təmin edir. Qarşıdakı dövrdə də əsas məqsəd əldə olunan nailiyyətləri qorumaq, sosial rifahı daha da yüksəltmək və müstəqil dövlətçiliyimizi daim gücləndirməkdir.
Son hadisələr göstərir ki, qloballaşan dünyada söz sahibi olmaq yalnız güclü dövlət, güclü iqtisadiyyat və sarsılmaz milli həmrəyliklə mümkündür.
Seçilən
64
50
azadmedia.az

10Mənbələr