EN

Putin meydan oxudu: Biz deyən olmasa, güc yolu ilə həll edəcəyik 

ABŞ-da Donald Trampın Volodimir Zelenski və Avropa liderləri ilə Ukraynada sülh planını müzakirə etdiyi bir vaxtda Rusiya Prezidenti Vladimir Putinin Mərkəzi Birləşmiş Hərbi Qrupun komandanlıq mərkəzinə səfəri təsadüfi hadisə deyil. Zamanlama və verilən mesajlar Kremlin Qərbə və Kiyevə yönəlmiş sərt siyasi–hərbi xəbərdarlığı kimi qiymətləndirilə bilər.

Putin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov, Mərkəzi Hərbi Qrupun komandiri Valeri Solodçuk və Şərq Hərbi Qrupunun komandiri Andrey İvanayevdən Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı məruzə alıb. Ona bildirilib ki, Rusiya ordusu Donetsk bölgəsində Dimitrov şəhərini, Zaporojye istiqamətində isə Qulyaipole şəhərini ələ keçirib.

Putinin bu məlumatlara reaksiyası həm hərbi, həm də siyasi məna daşıyırdı. O, Dimitrovun ələ keçirilməsini Donetskin “tam azad edilməsi” istiqamətində mühüm mərhələ kimi təqdim etdi: “Dimitrov şəhərinin azad edilməsi Donetsk vilayətinin tam azad olunması istiqamətində atılan mühüm addımdır”.

Qulyaipole ilə bağlı vurğusu isə Zaporojye cəbhəsinin genişləndirilməsi mesajı idi: “Qulyaipole Zaporojye bölgəsində ikinci ən böyük şəhərdir. Bu şəhərin azad edilməsi qoşunlarımızın Zaporojyedə irəliləməsi üçün yol açır”.

Lakin Putinin əsas mesajı hərbi uğurlardan daha çox siyasi məzmun daşıyırdı. O, açıq şəkildə Kiyevi sülhə tələsməməkdə ittiham edərək sərt ultimatum verdi: “Əgər Kiyev hökuməti münaqişəni sülh yolu ilə həll etməyə razı olmazsa, üzləşdiyimiz bütün problemləri silahlardan istifadə etməklə, xüsusi hərbi əməliyyatlar vasitəsilə həll edəcəyik”.

Bu bəyanat faktiki olaraq Qərbə də ünvanlanmış mesajdır. Kreml açıq şəkildə bildirir ki, onun şərtləri qəbul edilməzsə, sülh danışıqları mənasızdır və hərbi əməliyyatlar davam edəcək.

Putinin komandanlıq mərkəzinə səfəri, ardınca iki şəhərin ələ keçirilməsi barədə məlumatların ictimailəşdirilməsi, sülh müzakirələrinin getdiyi bir vaxtda psixoloji və siyasi təzyiq aləti kimi istifadə olunur. Moskva bununla göstərməyə çalışır ki, danışıqlar masasında deyil, döyüş meydanında da “arqumentləri” var.

Lakin reallıq Kremlin bu mesajını zəiflədir. Xarici medianın və müstəqil analitiklərin məlumatına görə, Rusiya ordusu 2025-ci il ərzində Ukrayna ərazisinin cəmi 1 faizini ələ keçirə bilib. Bu isə Rusiyanın hərbi resurslarının, canlı qüvvə və texnika imkanlarının tədricən tükəndiyini göstərir. Belə bir vəziyyətdə Moskvanın genişmiqyaslı hərbi üstünlük əldə etməsi sual altındadır.

Əgər Kreml razılaşmadan imtina edərsə, Vaşinqtonun cavab alətləri də masadadır. Tramp administrasiyası Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməklə iqtisadi təzyiqi maksimum səviyyəyə çatdıra bilər. Bu, xüsusilə enerji sektorunu hədəf alan sanksiyalar deməkdir.

ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, general Ben Hoces bu strategiyanı açıq şəkildə ifadə edib: “Ukraynanın qələbə nəzəriyyəsi Rusiyanın neft və qaz infrastrukturunun məhv edilməsində, neft və qaz ixrac imkanlarının pozulmasındadır”.

Hocesin fikrincə, Rusiya əsas maliyyə mənbəyini itirərsə, müharibəni davam etdirmək imkanları ciddi şəkildə zəifləyəcək: “Rusiya Çin, Hindistan, Türkiyə və digər müştərilərə neft və qaz ixracından əldə etdiyi gəliri itirərsə, hücumlarını maliyyələşdirə bilməyəcək”.

Bundan əlavə, enerji infrastrukturuna zərbələr Rusiyanın daxili bazarında, xüsusən də hərbi sektor üçün yanacaq çatışmazlığı yaradacaq.

Bu proseslərin davamı isə daha təhlükəli ssenarini gündəmə gətirir. Rusiya ilə Qərb arasında açıq qarşıdurma ehtimalı istisna edilmir. Hər iki tərəf rəsmi olaraq bunu istəmədiyini bildirsə də, hadisələrin gedişi geri dönməz məqamların yarana biləcəyini göstərir. Elə bir nöqtələr var ki, nə Kreml, nə də Qərb geri addım ata bilər.

Putinin Kiyevi və Qərbi hədələyən mesajının əsas məqsədi danışıqlar masasında mövqelərini gücləndirmək, Qərbi kompromisə məcbur etmək və Ukraynanın müqavimətini sarsıtmaqdır. Lakin mövcud hərbi reallıqlar, Rusiyanın resurslarının tükənməsi və Qərbin mümkün sərt iqtisadi cavabları Kremlin bu strategiyasını riskli edir. Proseslərin daha da kəskinləşməsi isə yalnız regional deyil, qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır.

Mürtəza

Chosen
43
50
olke.az

10Sources