AZ

"Rusiya-Ukrayna müharibəsində atəşkəs ümidləri zəifləyir" - Politoloqdan PROQNOZ

"Ukrayna Prezidenti Volodimir Zelenskinin bu bəyanatı birbaşa və qeyd-şərtsiz geri çəkilmə çağırışı deyil, daha çox müəyyən təhlükəsizlik təminatları və beynəlxalq mexanizmlər fonunda mümkün addımlar kimi təqdim olunur. Lakin bu cür şərti yanaşmanın belə Rusiya tərəfindən ehtiyatla və şübhə ilə qarşılandığı ortadadır".

Bu fikirləri politoloq Rəşad Bayramov Redaktor.az-a Ukrayna Prezidenti Volodimir Zelenskinin qoşunların geri çəkilməsi ilə bağlı açıqlamasını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Rəsmi Moskvanın mövqeyindən baxdıqda, Zelenskinin bu açıqlamaları ilk növbədə real güzəşt yox, siyasi və taktiki siqnal kimi qiymətləndirilə bilər:

"Rusiya siyasi ritorikasında qarşı tərəfin kompromisə açıq bəyanatları tez-tez zəiflik əlaməti kimi təqdim olunur. Kreml belə açıqlamaları Ukraynanın cəbhədə resurs çətinlikləri, Qərbdən gələn dəstəyin davamlılığı ilə bağlı narahatlıqlar və ya daxili siyasi təzyiqlərlə əlaqələndirə bilər. Bu yanaşma Rusiyanın mövqelərini yumşaltmasından çox, tələblərini artırmasına səbəb ola bilər. Eyni zamanda Rusiya üçün istənilən geri çəkilmə və ya atəşkəs yalnız öz şərtləri çərçivəsində məqbul sayılır. Moskva indiyə qədər dəfələrlə bildirib ki, münaqişənin dondurulması və ya hərbi eskalasiyanın dayandırılması faktiki nəzarət etdiyi ərazilərin statusunun tanınması, təhlükəsizlik zonalarının öz maraqlarına uyğun formalaşdırılması və Ukraynanın gələcək hərbi-siyasi kursuna məhdudiyyətlər qoyulması ilə mümkün ola bilər. Rusiyaya görə Zelenskinin irəli sürdüyü şərtlər bu çərçivəyə uyğun gəlmədiyi halda, Rusiya onları qeyri-səmimi təşəbbüs kimi qəbul edəcək".

Müsahibimizin fikrincə, digər mühüm məqam təhlükəsizlik mexanizmləri məsələsidir.

"Ukrayna tərəfi beynəlxalq müşahidə və zəmanət mexanizmlərinə istinad etsə də, Rusiya Qərb institutlarının neytrallığına inanmır və bu cür mexanizmləri öz təsir dairəsinə təhlükə hesab edir. Bu səbəbdən Moskva beynəlxalq nəzarətli təhlükəsizlik zonalarına skeptik yanaşır və yalnız məhdud, ikitərəfli və ya özünün təsir göstərə biləcəyi formatları qəbul etməyə meyillidir.
Bununla yanaşı, Rusiya Zelenskinin açıqlamalarından informasiya və diplomatik alət kimi istifadə edə bilər. Kreml beynəlxalq auditoriyaya Ukraynanın sülhə “məcbur qalması” narrativini təqdim etməklə Qərbdə Kiyevə dəstəyin zəifləməsinə nail olmağa çalışa bilər. Nəticə etibarilə, Zelenskinin qoşunların geri çəkilməsi ilə bağlı açıqlamaları Rusiya tərəfindən konstruktiv sülh addımı kimi deyil, daha çox taktiki fürsət və əlavə təzyiq vasitəsi kimi dəyərləndiriləcək. Odur ki, qısa müddətdə bu bəyanatların real atəşkəsə çevrilməsi ehtimalı hələ də olduqca zəif olaraq qalır və prosesin taleyi yenə də tərəflər arasındakı güc balansından və xarici aktorların mövqeyindən asılı olacaq", - deyə Rəşad Bayramov əlavə etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
23
50
redaktor.az

10Mənbələr