EN

Aİ Rusiyanın aktivlərindən istifadə etmədən Ukraynaya 90 milyard avro kredit ayırıb

Uzun sürən danışıqlardan sonra liderlər kompromis sxemi üzərində razılığa gəlib...

Poliqon xəbər verir ki, Avropa İttifaqı liderləri Ukraynaya 90 milyard avro həcmində faizsiz kredit ayrılması barədə razılıq əldə ediblər. Danışıqlar 16 saatdan çox davam edib və nəticədə Rusiya aktivlərindən birbaşa istifadə olunmadan maliyyə dəstəyinin göstərilməsi qərara alınıb.

Financial Times nəşrinin məlumatına görə, tərəflər dondurulmuş Rusiya aktivlərinin dərhal istifadəsi məsələsində ortaq mövqe tapa bilməyiblər. Razılaşmaya əsasən, vəsait Aİ-nin ümumi büdcəsinin zəmanəti ilə cəlb olunacaq.

Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukrayna bu krediti yalnız Rusiyanın Kiyevə vurulmuş ziyana görə kompensasiya ödəməsindən sonra geri qaytarmalı olacaq. Onun sözlərinə görə, əgər Moskva kompensasiyadan imtina edərsə, Avropa İttifaqı Ukraynanın borcunun ödənilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edəcək. Merts vurğulayıb ki, bu addım beynəlxalq hüquqa tam uyğun şəkildə atılacaq.

Financial Times yazır ki, əldə olunan razılaşma Çexiya, Macarıstan və Slovakiya üçün heç bir maliyyə öhdəliyi yaratmayacaq. Bu ölkələr daha əvvəl Aİ büdcəsi hesabına Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxdıqlarını açıq şəkildə bəyan etmişdilər.

Qeyd olunur ki, Avropa Komissiyası ilkin mərhələdə Kiyevə təxminən 90 milyard avro kreditin 210 milyard avro həcmində dondurulmuş Rusiya aktivləri ilə təmin olunmasını təklif edirdi. Lakin Belçika, Macarıstan, Slovakiya, İtaliya, Bolqarıstan, Malta və Çexiya bu yanaşmaya etiraz etmişdi. Nəticədə kompromis variant seçilərək, aktivlərdən yalnız son çarə kimi istifadə olunması mexanizmi razılaşdırılıb.

Poliqon.info

Chosen
53
5
poliqon.info

10Sources