EN

''Beşiktaş'' qışda bu futbolçularla vidalaşacaq

Mövsümü istənilən şəkildə keçirməyən ''Beşiktaş''ın qış transfer dönəmi ilə bağlı planları dəqiqləşib. Türkiyə mətbuatının yazdığına inansaq, İstanbul nəhəngi ən azı 6 yeni futbolçu transfer edəcək. Amma bundan öncə legioner limitində yer açılmalı və bəzi əcnəbilərlə yollar ayrılmalıdı. İddialara inansaq, baş məşqçi Sərgən Yalçın artıq komandada görmək istəmədiyi əcnəbi futbolçuların adlarını rəhbərliyə təqdim edib. Söhbət Feliks Uduoxai, Yonas Svensson və David Yurasekdən gedir. Sağ müdafiəçi Svenssonun müqavilə müddəti onsuz da gələn yay bitir. Bu üzdən rəhbərlik onunla artıq qışda vidalaşmağa çalışacaq. Mərkəz müdafiəçisi Uduoxai üçün gələn təkliflər nəzərdən keçiriləcək. Bu yay ''Benfika''dan icarəyə götürülən və ümidləri doğrultmayan sol müdafiəçi David Yurasekin isə müqaviləsi ləğv olunacaq. Rəhbərlik bununla bağlı Lissabon klubu ilə danışıqlara başlayacaq. Yurasek ''Benfika''ya geri göndəriləcək. Qışda ''Beşiktaş''ı tərk edəcəyi gözlənilən 4-cü əcnəbi isə Rafa Silvadı. Amma portuqaliyalı ulduzun durumu fərqlidi. Onun performansından həm fanatlar, həm də məşqçilər korpusu razıdı. Problem ondadı ki, Silva özü Türkiyədə oynamaq istəmir. Noyabrın 2-dən bu yana heç bir rəsmi oyuna çıxmayan bu futbolçu üçün ''Beşiktaş'' qışda 5-6 milyon avro tələb edəcək. Onun sabiq klubu ''Benfika''ya dönəcəyi gözlənilir. Heyəti daha da rəqabətədavamlı etmək istəyən rəhbərlik qışda bir qapıçı, bir mərkəz müdafiəçisi, bir sağ müdafiəçi, bir mərkəz yarımmüdafiəçisi, hər iki cinahda oynamağı bacaran vinger və rotasiyada istifadə ediləcək gənc bir hücumçu almağı planlaşdırır.

Chosen
79
11
football-plus.az

10Sources