Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhərində yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin mətbəxində paltaryuyan, qaz sobası və 3 perimetr mətbəx mebeli yanıb. İki nəfər xəsarət alıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 20 nəfər bina sakini təxliyə olunub.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
*** 10:47
Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi baş verib.
BAKU.WS verir ki, yanğın "Kristal Abşeron-2" yaşayış kompleksində, çoxmərtəbəli binanın 10-cu mərtəbəsində olub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunublar.
Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
*** 00:16
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
BAKU.WS xəbər verir ki, hadisə "Kristal Abşeron-2" yaşayış kompleksində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.