EN

Bloomberg Uitkoffla Uşakovun telefon danışığının stenogramını açıqlayıb

Tərəflər Tramp–Putin görüşünün təşkili, Qəzza və Ukrayna üzrə “müqavilə modelləri”ni müzakirə edib…

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi 14 oktyabrda Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasında baş tutmuş beş dəqiqəlik telefon danışığının tam məzmununu açıqlayıb. Danışıqlar Zelenskinin sonuncu dəfə Ağ Evə səfər etməsindən bir neçə gün öncə baş verib və ABŞRusiya kanalının hansı səviyyədə işlədiyini nümayiş etdirib.

Məlumata görə, söhbət zamanı Uşakov “bossların”, yəni Tramp və Putinin birbaşa danışığının məqsədəuyğun olub-olmayacağını soruşub. Uitkoff bunu faydalı hesab etdiyini deyərək bildirib ki, Tramp belə bir təklifi Rusiya tərəfi irəli sürdüyü anda bunu qəbul etməyə hazır olacaq. O, həmçinin Uşakova məsləhət görüb ki, Putin telefon danışığında Trampın Qəzza üzrə “sülh addımlarını” tərifləsin və onu “sülh adamı” kimi dəstəklədiyini vurğulasın.

Uitkoff daha sonra söhbəti Ukraynaya yönəldərək Trampa Rusiyanın “həmişə sülh sazişi istəyib” fikrini çatdırdığını bildirib. Onun sözlərinə görə, hazırkı problem kompromisə çata bilməyən iki ölkə arasındadır və tərəflər razılığa gəldiyi anda müharibəni bitirən sənəd mümkün olacaq. ABŞ xüsusi elçisi hətta Qəzza üçün işlənmiş “20 maddəlik model”ə bənzər bir sülh paketinin Ukrayna üçün də hazırlanmasının mümkünlüyünü qeyd edib. Uşakov isə bildirib ki, belə bir çərçivə Tramp–Putin telefon danışığında müzakirə edilə bilər.

Stenogramdan görünür ki, Uitkoff Rusiya liderinə böyük hörmət ifadə edib və Putinin Tramp ilə söhbət zamanı Ukrayna üzrə mümkün sülh planı mövzusunu qaldırmasının “prosesi irəli apara biləcəyini” vurğulayıb. O, hətta mümkün razılaşmanın “Donetsk və bəlkə də müəyyən ərazi mübadiləsi” üzərində qurula biləcəyini dilə gətirib və Trampın ona bu danışıqlar üçün geniş səlahiyyət verəcəyini ehtimal etdiyini deyib.

Uitkoff söhbət zamanı əlavə edib ki, həmin həftənin sonunda Zelenski Ağ Evə gələcək, buna görə də Tramp–Putin telefon danışığının onun səfərindən əvvəl keçirilməsi daha faydalı ola bilər. Uşakov cavabında bu tövsiyəni “bossu ilə” müzakirə edəcəyini bildirib.

Bloomberg yazır ki, bundan sonra həqiqətən də Zelenski artıq ABŞ-a uçarkən Tramp və Putin arasında telefon danışığı baş tutub. Tramp həmin danışığı “səmərəli” adlandırmış və Putinə Budapeştdə görüş təklif etmişdi, lakin görüş sonradan ləğv olundu.

Stenogramın dərcindən sonra Tramp məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sənədin yayımlandığını əvvəlcədən bilmirmiş. O, söhbətin “adi diplomatik müzakirə” olduğunu deyib və Uitkoffun sadəcə Ukraynanı Rusiyaya “satmaq” üçün çalışmalı olduğunu vurğulayıb.

Poliqon.info

Chosen
41
14
poliqon.info

10Sources