EN

Rus bloger azərbaycanlı Hüseyn Hacıyevdən "islam terrorçusu" düzəldir...


Müxtəlif ölkələrdə, həmçinin də onşu Rusiyada Azərbaycanı və islam dinini gözdən salmağa yönəlmiş cəhdlər uzun illər ərzində müxtəlif informasiya manipulyasiyaları, stereotiplər və siyasi çağırışlarla özünü göstərib.

Bu cəhdlər heç də bütöv şəkildə Rusiya cəmiyyətinin mövqeyini əks etdirmir, əksinə, daha çox müəyyən qrupların, informasiya platformalarının və ya siyasi dairələrin fəaliyyətinin nəticəsidir. Məsələ təkcə Azərbaycanla bağlı deyil, ümumilikdə postsovet məkanından olan müsəlman diasporlarına münasibətdə zaman-zaman müşahidə olunan laqeydlik, yanlış təsvirlər və ya təhrif olunmuş təqdimatlar çərçivəsində ortaya çıxır. Buna baxmayaraq, Rusiyada milyonlarla müsəlmanın yaşadığı, Azərbaycan icmasının iqtisadi və sosial həyatda mühüm rol oynadığı, çoxsaylı qarşılıqlı mədəni layihələrin mövcud olduğu da danılmaz reallıqdır. Lakin qeyd edildiyi kimi müəyyən qrupların bundan narahat olması da faktdır.

Rus hərbi bolgger Oleq Bloxinin Hüseyn Hacıyev adlı azərbaycanlı barədə yaydığı məlumatı da bu qəbildən qiymətləndirmək olar. Bloxin bildirir ki, Hüseyn Hacıyev Moskva ticarət mərkəzində mühafizəçini bıçaqlayaraq qaçıb: “Bundan sonra o, onu saxlayan ən azı daha iki polis əməkdaşını yaralayıb”. Onun verdiyi məlumata görə, Moskvanın “Orexovı” bulvarında yerləşən ticarət mərkəzində mühafizəçi ona ictimai yerlərdə namaz qılmağı qadağan etdikdən sonra Hacıyev bıçaqla mühafizəçiyə hücum edib: “Mühafizəçiyə bir neçə bıçaq zərbəsi vurduqdan sonra yetkinlik yaşına çatmayan cinayətkar ticarət mərkəzini tərk edib. Mühafizəçini xilas etmək mümkün olub və ona dərhal tibbi yardım göstərilib”. Bloxinin sözlərinə görə, polis əməkdaşları Hüseyni elə həmin gün taparaq saxlayıblar. O, həbs olunarkən müqavimət göstərərək iki zabiti bıçaqlayıb: “Bu işin daha maraqlı təfərrüatları sonradan üzə çıxdı. Məlum oldu ki, Hacıyev beyət etdiyi cihadçı İŞİD terror qruplaşmasının tərəfdarıdır və namazla bağlı insident planlaşdırılan terror aktının bir hissəsidir. Balaca şeytan ictimai yerlərdə namaz qılmağın qadağan edilməsini mühafizəçiyə hücum etmək üçün bəhanə kimi istifadə edib”. Bir daha qeyd edək ki, bütün bunlar Oleq Bloxinin yaydığı məlumatlardır və hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması deyil. Özü də Oleq Bloxinin iddiasına əsasən, söhbət burada terordan gedir. Deməli burada dərin araşdırma olmalıdır. Belə araşdırma olmadan məlumat yaılmaı isə artıq konkret məsəddən və qərəzdən xəbər verir. Digər tərəfdən belə primitiv qaydada terror həyata keçrilməsi də inandırıcı deyil. Deməli, burada məqsəd Azərbaycanı,islam dinini gözdən salmağa hesablanıb.

Azərbaycanı gözdən salmaq cəhdləri əsasən rus informasiya vasitələrində özünü göstərir. Xüsusilə gərginlik dövrlərində bəzi Rusiya media qurumlarında birtərəfli yanaşmalar müşahidə olunur. Bəzi analitiklər və ekspertlər Azərbaycanı regionda destabilizasiya mənbəyi kimi qələmə verməyə çalışır, ölkənin siyasi kursunu yanlış interpretasiya edir, tarixi faktları kontekstdən çıxarır və ya qarşıdurmaların səbəbləri barədə qeyri-obyektiv mövqelər sərgiləyirlər. Bu məlumatlar geniş auditoriyaya yayıldığı üçün Rusiya cəmiyyətində müəyyən stereotiplərin formalaşmasına şərait yaradır. Halbuki Azərbaycan uzun illərdir ki, həm regionda, həm də beynəlxalq müstəvidə müstəqil xarici siyasəti, çoxşaxəli diplomatik əlaqələri və enerji təhlükəsizliyinə verdiyi töhfələr ilə tanınır. Buna rəğmən, siyasi motivlərlə qidalanan təbliğat fəaliyyətləri bəzən ölkənin bu imicinə xələl gətirməyə yönəlir. İslam dininin gözdən salınmasına dair cəhdlər də timsal olaraq informasiya manipulyasiyalarında öz əksini tapır. Rusiya kimi çoxmillətli və çoxkonfessiyalı bir ölkədə islam tarixi və mövcudluğu çox qədimdir, lakin bəzi dairələr islamı ekstremizmlə eyniləşdirərək ictimai narahatlıq yaratmağa çalışırlar. Bu cür çərçivələndirmə ümumilikdə müsəlmanlara, o cümlədən Rusiyada böyük diaspor təşkil edən azərbaycanlılara qarşı yanlış təsəvvür formalaşdırır. Reallıqda isə Azərbaycanın dini modeli dünyəvilik, tolerantlıq və dinlərarası harmoniya üzərində qurulub və ölkə bu xüsusiyyətləri ilə regionda müsbət nümunə hesab edilir. Lakin bəzi media qurumları islamın sosial və mədəni rolunu izah etmək əvəzinə, radikal ünsürlərin fəaliyyətini şişirdərək bütün dini həyata şamil edirlər. Bu isə həm irqi, həm də dini stereotiplərin güclənməsinə səbəb olur. Bu proseslərin arxasında bəzən siyasi motivlər, bəzən də sadəcə sensasiya axtarışı dayanır. Medianın kommersiya maraqları bəzən obyektivlikdən üstün olur. Sensasiya xarakterli xəbərlər daha çox oxucu və izləyici cəlb etdiyi üçün etnik və dini məsələlər manipulyasiyaya daha açıq olur. Digər tərəfdən, geosiyasi rəqabət və regional məsələlər də bəzən informasiya fonuna təsir göstərir. Azərbaycan özünün enerji layihələri, müstəqil siyasəti və regiondakı mövqeyi ilə müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir ölkədir. Bu maraqların toqquşması informasiya mübarizəsinə də yansıya bilir. Bununla yanaşı, Rusiyada həm rəsmi qurumlar, həm də bir çox mədəni və ictimai təşkilatlar müsəlmanların inteqrasiyası və dinlərarası dialoq üçün müsbət işlər görürlər. Azərbaycan diasporunun özünün də fəaliyyəti artdıqca, yanlış təsvirlərə qarşı cavab mövqeyi güclənir. Beləliklə də, Rusiyada Azərbaycanı və islam dinini gözdən salmağa yönəlmiş cəhdlər olsa da, bunlar bütöv cəmiyyətin mövqeyi deyil və əsasən media manipulyasiyaları, siyasi maraqlar və stereotiplərin məhsuludur. Bu cür cəhdlərin qarşısı ən effektiv şəkildə obyektiv informasiya, qarşılıqlı hörmət və dialoq vasitəsilə alınır. Azərbaycan və Rusiya cəmiyyətləri arasında uzun illərə dayanan tarixi, mədəni və iqtisadi əməkdaşlıq münasibətləri isə bu manipulyasiyalara rəğmən davam edir və daha güclü təmaslar yaranması üçün yetərli baza təşkil edir.

Tahir TAĞIYEV

Chosen
21
50
baki-xeber.com

10Sources