"Real Madrid" prezidenti Florentino Perez klubun illik ümumi yığıncağında həm Negreyra işi, həm UEFA, həm də La Liqa rəhbərliyinə qarşı ən sərt açıqlamalarından birini səsləndirib.

Offsideplus.az xəbər verir ki, o, futbol idarəçiliyindəki korrupsiya, qeyri-şəffaf qərarlar və azarkeşlərin ikinci plana atılması ilə bağlı ciddi narahatlıq ifadə edib.

  • Negreyra işi” — 17 illik ödənişlərin kölgəsi

Perez "Barselona"nın 2001–2018-ci illər arasında Hakimlər Komitəsinin vitse-prezidenti Xose Mariya Enrikez Negreyra’ya etdiyi ödənişləri bir daha gündəmə gətirib:
“Barselona"nın 17 il ərzində hakimlik sisteminin vitse-prezidentinə, səbəbi nə olursa olsun, 8 milyon avrodan çox pul ödəməsi normal deyil. Təsadüfə baxın ki, bu ödənişlər klubun tarixinin ən uğurlu dövrünə düşür.”

O, prosesdə adı hallanan bir çox hakimin hələ də sistemdə olduğunu vurğulayıb:
“Bizdən ‘Neqreyra işini’ unutmağımız istənildi. Necə unutmaq olar? Bu işdə adı keçən hakimlərin əksəriyyəti hələ də vəzifədədir.”

  • 2025 Kral Kuboku finalı qalmaqalı

Perez 2025-ci il Kral Kuboku finalından əvvəl hakimlərin verdiyi açıqlamaları “skandal” adlandırıb:
“Finaldan əvvəl hakimlərin çıxıb Real Madrid-i cəzalandırmaqla hədələməsi qəbulolunmazdır. Biz hələ oynamamışdıq! Onlar dərhal vəzifədən uzaqlaşdırılmalı idi, amma heç bir tədbir görülmədi.”

  • “Futbol azarkeşlər üçün olmalıdır” — UEFA və La Liqa rəhbərliyinə sərt tənqid

Perez azarkeşlərin futbola əlçatanlığının getdikcə azaldığını deyərək UEFA-nı ittiham edib:
“Azarkeşlər futbola pulsuz baxa bilməlidir. FIFA bunu dünya çempionatında anlayıb. UEFA niyə etmir? Məncə cavab sadədir: daha bir il özlərinə nəhəng maaşlar ödəyə bilmək üçün.”

O, La Liqa prezidenti Xavyer Tebasın yüksək maaşını da tənqid edib:
“La Liqa prezidenti Premyer Liqa prezidentindən çox maaş alır, halbuki liqa qat-qat az gəlir gətirir.”

  • La Liqanın İspaniyadan kənarda oyun keçirməsi

Perez La Liqanın ABŞ-də oyun təşkil etmək səylərini də sərt şəkildə hədəfə alıb:
“La Liqa prezidentinin İspaniya xaricində oyun keçirməsi normal deyil. Hətta onların kapitanı Frenki de Yonq da bunun normal olmadığını dedi.”

O, "Barselona" və "Villarreal"ın Mayamidə oynamaq üçün maddi təşviq almalarını da tənqid edib:
“Bu da normal deyil. Sonra cənab Tebas bunu NFL matçı ilə müqayisə etməyə çalışır – bu tamamilə absurddur.”