Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda təşkil olunan “mənəvi-dua səhəri” çıxışı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, o, fevral ayında Vaşinqtonda keçirilən Christian Prayer Breakfast tədbirində iştirakının Ermənistan-Azərbaycan sülh prosesi üçün “gizli rol oynadığını” açıqlayıb.
Paşinyanın sözlərinə görə, həmin dövrdə ABŞ-a səfəri və dua tədbirində iştirakı barədə tərəddüdləri olsa da, sonradan bunun “simvolik və taleyüklü” bir mərhələyə çevrildiyini anlayıb:
“Əslində sülh prosesi fevral və noyabr aylarında keçirilən iki "dua səhəri" arasında baş verən bir hadisədir”, – deyə o bildirib.
Baş nazir əlavə edib ki, Vaşinqtondakı tədbirdən sonra regionda baş verən proseslərdə “providence” – yəni müəyyən mənəvi yönləndirmə rol oynayıb və bu, Bakı ilə dialoqun formalaşmasına təsir göstərib.
Qeyd edək ki, Paşinyanın çıxışı Ermənistan siyasətində yeni müzakirələr doğurub – analitiklər baş nazirin sülh prosesini dini-mənəvi ritorika ilə əsaslandırmasını həm daxildə, həm də regionda fərqli reaksiyalarla qarşılayıblar.
Musavat.com