EN

Tramp yeni qanun imzaladı

Ajans.az xəbər verir ki,sənədin imzalanması ABŞ hökumətinin rekord səviyyədə 43 gün davam edən bağlanmasının başa çatmasına səbəb olub. Ağ Evin rəhbəri sənədi imzaladıqdan sonra bəyan edib ki, "federal hökumət normal fəaliyyətə qayıdır". Tramp bir daha Demokrat Partiyasını hökumətin bağlanmasına təhrik etməkdə ittiham edib və bildirib ki, bu müddət ərzində 20 minə yaxın aviareys ləğv edilib və ya gecikib, bir milyondan çox dövlət qulluqçusu maaşsız qalıb, eləcə də azgəlirli amerikalılar ərzaq yardımından məhrum olublar. Qanun layihəsi daha əvvəl Konqres tərəfindən təsdiqlənmişdi. Sənədə əsasən, yanvar ayının sonunadək hökumət əməliyyatlarının maliyyələşdirilməsinə əlavə olaraq, ABŞ Kənd Təsərrüfatı Nazirliyi, Veteranlar İşləri Nazirliyi və hərbi tikinti proqramları üçün bütün 2026-cı maliyyə ili üzrə vəsait ayrılması nəzərdə tutulur. Bundan başqa, sənəd bəzi işdən çıxarılmaların ləğvini və dekabrın ortalarına qədər tibbi sığorta tədbirləri ilə bağlı səsvermənin keçirilməsini də tələb edir. Donald Tramp qeyd edib ki, gələcəkdə hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün qanunvericilər qanun layihələrinin qəbulunun təxirə salınması praktikasına son qoymalıdırlar. “Bunun bir daha baş verməməsi üçün filibusterə son qoyulmasına çağırıram. Əgər filibuster ləğv olunsaydı, bu vəziyyət yaranmazdı. Biz əla qanunvericilik qəbul etməliyik və hökumətin fəaliyyətinin dayanmasına icazə verməməliyik”, – deyə Tramp vurğulayıb. Daha əvvəl ABŞ lideri Fox News telekanalına müsahibəsində Konqresdəki respublikaçı həmkarlarının gələcəkdə federal hökumətin bağlanmasının qarşısını alacaq yeni qanunvericilik təşəbbüsləri üzərində işlədiklərini bildirmişdi.

 

Chosen
94
28
Ajans.az

10Sources