“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün keçirilmiş oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qurban Qurbanov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Başda cənab prezident olmaqla, xalqımızın bayramını təbrik edirəm. Çox böyük zəfərdir. Allah xalqımızı həmişə qorusun.
Oyuna gəldikdə, matçdan əvvəl stadionda bayram atmosferi var idi. Hər iki komandanın azarkeşinə təşəkkür etmək istəyirəm. Xoş olan odur ki, 44-cü dəqiqədə bizim azarkeşlərlə “Neftçi” azarkeşləri bunu birgə qeyd etdi. Çox gözəl azarkeşlik var idi. Futbolçularıma da təşəkkür edirəm. Vacib qələbə oldu. Hər iki komandanın futbolçuları yaxşı, dinamik, sürətli oyun göstərdilər. Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bütün komandalar üçün inkişaf daha sürətli olar. Qarşıda millinin oyunları var. Onlara da uğurlar arzulayıram. Azarkeşlik edəcəyik.
Abdullah Zubir və Leandro Andrade “Çelsi” ilə matçda sona qədər oynamamışdılar. Kevin Medina da tam hazır olduğunu dedi. Çünki belə oyundan öncə futbolçulardan soruşuruq ki, yorğunluq var, ya yox. Bu barədə fikirlərini bildirirlər. Mateus Silva, Elvin Cəfərquliyev sonradan meydana daxil oldular. Qarşıda pauza çox olacaqdı. 4 gün az müddət deyil, öz idman formalarından çox uzaq ola bilərdilər. Ona görə belə addım atdıq.
“Neftçi”də son matçlarda çox irəliləyiş var. Düşünülmüş hücumları var, müdafiədə sağlam oynayırlar. Kollektiv bir-birini tamamlayır. Futbolçular oyundan-oyuna bir-birilərini daha yaxşı anlayırlar”.
Qurban Qurbanov Azərbaycan millisinin qarşıdakı oyunlarından nə gözlədiyinə dair sualı isə belə cavablandırıb:
“Millidə çox irəliləyiş var. Baxmayaraq ki, rəqiblər çox ciddidir. Futbolçularıma həmişə güvənmişəm, Azərbaycan millisinə də. Ola bilər bu gün, ola bilər 5 il sonra olsun, o inamı itirmək istəməmişəm. Çünki o millimizdir, öz futbolçularımızdır. Uğurlar! İnanıram ki, daha yaxşı nəticə əldə etməyə qadirdirlər”.
Qurbanov “Neftçi”dəki həmkarı Samir Abasovun penalti qərarına etiraz etdiyi barədə məlumatı isə belə cavablayıb:
“Düzünü desəm, epizoda heç baxmamışam. Elçin Məsiyev elə-belə penalti vermir. Avropada da xeyli oyunlar idarə edir. VAR-a da baxmadı. Məşqçilər dedi, baxmağıma da ehtiyac olmadı. Yenə də baxaram”.

