EN

Vaxtı ilə Ramiz Mehdiyevi tərifləyən Akif Əlizadə: “Onu yıxıb-sürümək də olar, amma...”

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində cinayət işi başlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Məlumata görə, Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:

* 278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;

* 274-cü maddə – dövlətə xəyanət;

* 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).

Hələ vəzifədə olarkən bir çox elm adamları “boz kardinal” haqqında yüksək fikirlər bildirib, onun şəninə çoxlu təriflər deyiblər. Ramiz Mehdiyev barəsində cinayət işi açılandan sonra isə bir çoxu susur, münasibət bildirmək istəmir.

Vaxtı ilə tərif deyənlərdən biri də AMEA-nın keçmiş rəhbəri Akif Əlizadə olub. O, Ramiz Mehdiyev barəsində danışarkən deyib:

“Akademik Ramiz Mehdiyev olduqca işgüzar, zəhmətsevər, yorulmaq bilməyən bir insandır. Onun fikri daim elmi axtarışlarda, qəlbi isə Vətənimizin tərəqqisi, yüksəlişi və azadlığı arzusu ilə döyünməkdədir. Görkəmli filosof-alim, dövlət xadimi, yüksək fitri istedad sahibi akademik Ramiz Mehdiyev həm də olduqca sadə təbiətli, səmimi, yüksək insani keyfiyyətlərə malik, mübariz bir şəxsiyyətdir”.

Musavat.com Akif Əlizadəyə zəng edərək Ramiz Mehdiyevlə bağlı məsələyə münasibət öyrənmək istəyib.

O bildirib ki, hələ bu barədə danışmaq istəmir:

“Bu haqda danışmaq hələ tezdir. İstintaq gedir, görək işlər necə gedəcək. Sonra danışarıq. Siz də, hamı hər şeyi yaxı bilir. Əlbəttə, Ramiz Mehdiyevi yıxıb-sürümək də olar. Lakin gözləyək, həqiqət üzə çıxsın. Vaxt verilib, hələ istintaq araşdırır. Biz alimlər tədqiqatları nəticəsini gözləməyə öyrəşmişik”.

Chosen
33
2
moderator.az

10Sources