AZ

Ramiz Mehdiyevi tərifləyənlər kimlər idi? – SİYAHI

Xəbər verdiyimiz kimi, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur.

AMEA-mnın sabiq prezidentinin cinayət məsuliyyətindən sonra bir çoxları ehtiyat edərək, bu barədə danışmaq istəmir. Bu şəxslərin əksəriyyəti də vaxtilə Ramiz Mehdiyevə “ağsaqqal” deyə müraciət edənlərdir.

Teleqraf bu məqamda vəzifədə olarkən Ramiz Mehdiyevin şəninə təriflər yağdıran bir sıra ictimai-siyasi xadimlərin və onların Ramiz Mehdiyevlə bağlı dedikləri fikirləri təqdim edir:

AMEA-nın hazırkı prezidenti İsa Həbibəyli:

“Azərbaycanın müstəqillik dövrünü dövlətçilik istiqamətində və elm sahəsində bacarıqla təmsil edən akademik Ramiz Mehdiyev bu gün də çoxcəhətli elmi və siyasi-ideoloji fəaliyyət yollarında özünün şərəfli və məsuliyyətli missiyasını böyük uğurla davam etdirir. Akademik Ramiz Mehdiyevin siyasi portreti şəxsiyyətinin bütövlüyü, dövlətçilik ideallarına dərin sədaqəti, taleyüklü həlledici məsələlərdəki prinsipial mövqeyi, müdrik qərarlar qəbul etmək istedadı və xeyirxahlığı ilə səciyyələnir. Dərin və möhkəm mənəvi keyfiyyətlər onun siyasi xarakterini tamamlayır və möhkəmləndirir”.

AMEA-nın keçmiş rəhbəri Akif Əlizadə də Ramiz Mehdiyevi tərifləyənlər sırasında olub:

“Akademik Ramiz Mehdiyev olduqca işgüzar, zəhmətsevər, yorulmaq bilməyən bir insandır. Onun fikri daim elmi axtarışlarda, qəlbi isə Vətənimizin tərəqqisi, yüksəlişi və azadlığı arzusu ilə döyünməkdədir. Görkəmli fılosof-alim, dövlət xadimi, yüksək fitri istedad sahibi akademik Ramiz Mehdiyev həm də olduqca sadə təbiətli, səmimi, yüksək insani keyfiyyətlərə malik, mübariz bir şəxsiyyətdir”.

Koronavirus pandemiyası dönəmində məhdudiyyətlərə baxmayaraq Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən və buna görə məsuliyyətə cəlb olunan BDU-nun keçmiş rektoru Abel Məhərrəmov isə vaxtilə Ramiz Mehdiyevi belə tərifləyib:

“Onun yazdığı əsər Ramiz Mehdiyevin yeni dünya nizamının reallığını düzgün müəyyənləşdirən, ölkənin gələcək inkişafı ilə bağlı yetkin elmi-konseptual baxışlara malik siyasətçi və dövlət xadimi, filosof olduğunu bir daha təsdiqləyir. Düşünürük ki, akademikin bu əsərində yüksək vətənpərvərliklə irəli sürdüyü tezislər Bakı Dövlət Universitetində gənclərlə işin daha səmərəli təşkili, onların yeni dövrün gerçəklikləri ruhunda formalaşması baxımından əhəmiyyətlidir”.

Bu gün Teleqraf-a açıqlamasında “Ramiz Mehdiyevin mənə nə dəxli var?” deyən PA-nın sabiq şöbə müdiri Əli Həsənov isə vəzifədə olanda Ramiz Mehdiyevin kitabını belə şərh edib:

“Akademik Ramiz Ramiz Mehdiyevin əsərləri həm də qaldırılan problemlərin çoxşaxəliliyi və müzakirəyə çıxarılan ideyaların zənginliyi baxımından tədqiqatçılar üçün yeni tezislər müəyyənləşdirir və maraqlı araşdırmalara yol açır. Akademik Ramiz Mehdiyevin milli ruh və qlobal düşüncəyə xas olan yaradıcılığını, mübaliğəsiz olaraq, müasir azərbaycanşünaslığın ünvanı kimi səciyyələndirmək olar”.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla:

“Ramiz Mehdiyev eyni zamanda, problemin kökünə baxmağı bacaran bir adamdır. Analitik təfəkkürü ona imkan verir ki, problemin kökünü müvafiq şaxələrə ayıraraq bugünkü həyatımıza uyğunlaşdırsın. Azərbaycan sabaha doğru inamla addımlayır. İrəli-Avropa, irəli – müasir dünya dəyərləri, demokratik həyat… Biz hansısa məqamda ola bilsin ki, bəzən tələsirik, bəzən ləngiyirik. Amma hər bir halda irəliləməkdə davam edirik. Biz bu gün daha çox görməyə-götürməyə, dərk etməyə çalışırıq. Dünya ilə bərabər nəfəs almağa, onun ritminə girməyə can atırıq. Ramiz müəllim üçün bu yolu əzmlə getmək bir şərəf işidir. Bizim üçün də”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Ziyad Səmədzadə Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabını belə şərh etmişdi:

“Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabı, heç şübhəsiz ki, ictimai elmlərə, bütünlükdə Azərbaycan elminə fundamental bir töhfədir. Мən son illərdə Azərbaycan elminin, о cümlədən fəlsəfə elminin inkişafında bu sahədə, sözün əsl mənasında, cəsarətli addımlar atan akademik Ramiz Mehdiyevə bu çox dəyərli kitaba görə bir daha təşəkkürümü bildirirəm. Mən əminəm ki, bu kitab, ilk növbədə, bütün dünyaya bəyan edəcəkdir ki, Azərbaycan keçmiş irsi təhlil edərək qoruyur”.

Sabiq millət vəkili Bəxtiyar Sadıqov:

“Müasir dövrün mahir tədqiqatçısı, görkəmli filosof və ideoloq Ramiz Mehdiyev ölkəmizin ictimai-siyasi həyatında baş verən prosesləri dünyadakı hadisələrlə əlaqəli şəkildə araşdıraraq qiymətləndirən bir sıra konseptual elmi-fəlsəfi əsərlərin müəllifidir”.

Parlamentin sədr müavini, millət vəkili Musa Qasımlı:

“Ramiz müəllim mənə həmişə sadə, səmimi və mehriban bir insan təsiri bağışlamışdır. Onu müstəqil Azərbaycan dövlətinin və millətimizin güclü, möhtəşəm olmasına çalışan bir dövlət adamı kimi qəbul etmişəm. Ramiz müəllim dəyərli əsərləri ilə ölkənin sərhədlərini aşan və mükəmməl elmi məktəbi olan müasir Azərbaycan fəlsəfi fikrinin ən görkəmli nümayəndəsidir”.

Seçilən
24
37
millitv.net

10Mənbələr