AZ

“Ramiz Mehdiyev prezident olmaq istəyirdi... Elton və Ziya Məmmədovlara vəzifə verəcəkdi”

“Ramiz Mehdiyevgil Novxanı bağlarına yığışıb dövlət çevrilişi etmək istəyirdilər. Ona görə də o, çoxdan həbs edilməli idi. Mən bunları çoxdan deyirdim. Ramiz Mehdiyevin o zamanlar əli hər yerə çatırdı, müəyyən qruplar ona işləyirdi. Mən çox sevinirəm ki, 2010-cu ildən bəri söylədiklərim 15 il sonra öz təsdiqini tapdı. Mən hətta 2010-cu ildə “Xural” qəzetində “Ramiz Mehdiyev dövlət başçısına xəyanət edir” başlıqlı məqalə də yazmışdım. Ona görə də Ramiz Mehdiyev Əvəz Zeynallını həbs etdirdi, məni də həbs etdirmək istəyirdi. O, həmişə dövlətə xəyanət edib və hakimiyyətə gəlmək istəyib”.

Bunu Musavat.com-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

HAFİZ.jpg

O bildirib ki, uzun illər Ramiz Mehdiyevlə mübarizə aparıb:

“Keçmiş baş nazir müavini Əli Həsənov onun bacanağıdır. Onları ifşa edəndə mənə nə qədər zülm verdiklərini heç kim bilmir. Ramiz Mehdiyevlə mübarizədə sağlamlığımı itirmişəm, ürəyimə üç stend qoydurmuşam. Təsəvvür edin ki, dövlət çevrilişi olsaydı, nələr olardı. Ramiz birbaşa Rusiyanın buradakı adamı idi və ətrafına xeyli adam toplamışdı. Bu gün onu söyənlərin bir çoxu vaxtı ilə ona “ağsaqqal” deyirdi. Mən isə onu hələ vəzifədə olarkən ifşa edirdim.

Ramiz Mehdiyev tək deyil, onun ardınca həbslər olacaq. Vəziyyət çox ağırdır, çox şeyi bilirəm, lakin istintaqa mane olmaq istəmirəm. Yeganə istəyim odur ki, hüquq-mühafizə orqanları onun kölgə kabinetini üzə çıxarsın. Ramiz Mehdiyev deyirdi ki, Tramp bu yaşında prezident oldu, mən niyə olmayım. Onun planı tamam başqa idi. Azərbaycanda ana müxalifət Ramiz Mehdiyevə xidmət edirdi. Milyarderlər İttifaqını Ramiz Mehdiyev təşkil etmişdi. Həmin ittifaqa bağlı olan partiya isə AXC idi. Onların hesabına milyonlarla pul köçürülüb.

Ramiz Mehdiyevin planı var idi: yaxın günlərdə müxalifət ayağa qalxsın, təxribatlar törədilsin, ona kömək edən xarici dövlətlər müdaxilə etsin və çevriliş olsun. Ona kömək edənlər arasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, sabiq XİN rəhbəri Elmar Məmmədyarov da var. Bunları heç kim risk edib deyə bilmir. Keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin bağına yığışardılar. Onlar çevriliş üçün 5-6 milyard pul toplamışdılar. Ramiz Mehdiyev prezident olmaq istəyirdi. Bölgüyə görə, Elton Məmmədov Prezident Administrasiyasında İşlər İdarəsinin müdiri, Ziya Məmmədov təsərrüfat üzrə vitse-prezident olmalıydı. Kabinetdə bölgü aparıblar. Biz bunları ifşa edirdik”.

Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində cinayət işi başlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Məlumata görə, Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:

* 278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;

* 274-cü maddə – dövlətə xəyanət;

* 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
48
37
musavat.com

10Mənbələr