Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində çıxış edən səfir Nəsimi Ağayev daha əvvəl bir sıra ölkələrdə uğurla həyata keçirilən bu mədəniyyət layihəsinin Berlində təqdimatının əhəmiyyətini qeyd edib. Səfir bildirib ki, mühüm problemlərin yaşandığı hazırkı çətin dövrdə təbiət və insanlıq arasında bənzərsiz əlaqənin və vəhdətin təbliğinə xidmət edən belə sərgilərin təşkili böyük önəm daşıyır. Azərbaycanın nümunəsi göstərir ki, biz qüvvələrimizi birləşdirsək, iqlim dəyişikliyi probleminin qarşısını ala bilərik.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında “MAMA – “Ana Təbiət” sərgisində 31 ölkədən 54 rəssamın əsərlərinin təqdim olunduğunu vurğulayaraq, bu əsərlərin incəsənətin sərhədləri aşaraq təbiəti qorumaq istəyinin ifadəçisi olduğunu bildirib.
Sərginin təşkilatçılarına, layihəyə qoşulan rəssamlara təşəkkürünü ifadə edən Leyla Əliyevə layihənin Bakıda başlandığını, daha sonra Bəhreyn, London, Roma və Tbilisidə təqdim olunduğunu diqqətə çatdırıb. Sərginin dünyanın ən “yaşıl” şəhərlərinin birində - Berlində təşkilindən məmnunluğunu ifadə edən Leyla Əliyeva əsas diqqəti iqlim problemlərinin yaratdığı fəsadlara cəlb edərək, Azərbaycanın müxtəlif ekosisteminin də bu təsirlərdən yan keçmədiyini vurğulayıb, Xəzər dənizinin səthinin kiçildiyini, Xəzər suitisi və Xəzər nərəkimiləri kimi nadir canlı növlərinin tədricən yox olduğunu qeyd edib.