AZ

Leyla Əliyeva və Arzu Əliyeva Berlində beynəlxalq incəsənət sərgisinin açılışında


Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında MAMA “Ana təbiət” sərgisində 31 ölkədən 54 rəssamın əsərlərinin təqdim olunduğunu vurğulayaraq, bu əsərlərin incəsənətin sərhədləri aşaraq təbiəti qorumaq istəyinin ifadəçisi olduğunu bildirib.

Sərginin təşkilatçılarına, layihəyə qoşulan rəssamlara təşəkkürünü ifadə edən Leyla Əliyeva layihənin Bakıda başlandığını, daha sonra Bəhreyn, London, Roma və Tbilisidə təqdim olunduğunu diqqətə çatdırıb. Sərginin dünyanın ən “yaşıl” şəhərlərinin birində - Berlində təşkilindən məmnunluğunu ifadə edən Leyla Əliyeva əsas diqqəti iqlim problemlərinin yaratdığı fəsadlara cəlb edərək Azərbaycanın müxtəlif ekosisteminin də bu təsirlərdən yan keçmədiyini vurğulayıb, Xəzər dənizinin səthinin kiçildiyini, Xəzər suitisi və Xəzər nərəkimiləri kimi nadir canlı növlərinin tədricən yox olduğunu qeyd edib.

IDEA İctimai Birliyinin rəhbəri istedadlı azərbaycanlı heykəltaraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin (1994-2016) də Berlində sərgisinin açıldığını qeyd edərək bildirib ki, onun həyatı faciəvi şəkildə yarımçıq qalsa da, ruhu, yaradıcılığı və Vətən sevgisi əsərlərində yaşamaqdadır. Çıxışlardan sonra Leyla Əliyeva, Arzu Əliyeva və iştirakçılar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə Bakı, Manama, Roma, London və Tbilisidə uğurla təqdim olunub. Layihənin Berlin mərhələsi də öz missiyasını davam etdirərək ekologiya, dayanıqlılıq və mədəni müdriklik mövzularında qlobal dialoqu təbliğ edir. Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və Ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır. Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.

Mətləb Salahov

Seçilən
15
41
baki-xeber.com

10Mənbələr