EN

Əfqanıstanla Pakistan sərhədində ağır döyüşlər başlayıb

Əfqanıstan və Pakistan sərhədində vəziyyət kəskin şəkildə gərginləşib. Bazar günü Əfqanıstan hökuməti sərhəddə keçirilən gecə əməliyyatı zamanı 50-dən çox pakistanlı hərbçinin öldürüldüyünü açıqlayıb. Rəsmi Kabil bunu Pakistanın dəfələrlə Əfqanıstanın hava və quru sərhədlərini pozmasına cavab adlandırıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Taliban hökumətinin rəsmi nümayəndəsi Zabiullah Mücahid bəyan edib ki, əməliyyat nəticəsində Əfqanıstan qüvvələri Pakistan ordusunun 25 mövqeyini ələ keçirib, 58 hərbçi öldürülüb, 30 nəfər isə yaralanıb:"Əfqanıstanın bütün rəsmi və faktiki sərhədləri tam nəzarət altındadır, qanunsuz fəaliyyətlərin qarşısı böyük ölçüdə alınıb".

“Associated Press” yazır ki, Pakistan tərəfi hələlik bu məlumatı təsdiqləməyib.

Əfqanıstanın açıqlamasından öncə Pakistanın Baş naziri Şahbaz Şərif hücumları pisləyib və ordunun “provokasiyalara layiqli cavab verdiyini, bir neçə Taliban mövqeyini məhv etdiyini və düşməni geri çəkilməyə məcbur etdiyini” deyib.

Pakistan təhlükəsizlik qurumlarının yüksək rütbəli rəsmisinin sözlərinə görə, Əfqanıstan qüvvələri Xayber-Paxtunxva əyalətinin Çitral, Bəcavur, Momand, Angur-Adda və Kurram bölgələrində atəş açıb. Cavab olaraq Pakistan ordusu Xayber bölgəsinin Tirah rayonunda və Əfqanıstanın Nanqərhar əyaləti istiqamətində ağır silahlarla zərbələr endirib.

Chosen
9
5
publika.az

10Sources