EN

“Soyuq savaş” bitdi - Bakı və Moskvanın növbəti addımı

Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyev və Vladimir Putin uzun fasilədən sonra Düşənbədə bir araya gəldilər. İkitərəfli söhbət zamanı Kreml başçısı vurulan təyyarəmizlə bağlı rəsmi Bakının bütün şərtlərini, nəhayət ki, qəbul etdi.

Xatırladaq ki, AZAL-a məxsus mülki təyyarənin vurulmasından sonra Bakı-Moskva münasibətlərində ciddi gərginlik yaranmış, iki ölkə arasında diplomatik soyuqluq müşahidə olunmuşdu. Düşənbə görüşü bu mənada tərəflər arasında “yeni səhifənin başlanğıcı” kimi qiymətləndirilir.

Artıq Bakı-Moskva “soyuq savaş”ının bitdiyini, ikitərəfli münasibətlərin normala qayıtdığını söyləmək mümkündür. Beləcə, fürsətdən istifadə edib aranı daha da qarışdırmaq və qızışdırmaq solovyovların, simonyanların, zatilinlərin niyyətləri puç oldu.

Bəs bundan sonrakı gözləntilər nədir? Müsbət tendensiya əsas hansı istiqamətlərdə özünü göstərəcək?

Hikmət

 Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a dedi ki, Düşünbədə Azərbaycan və Rusiya prezidentləri arasındakı görüş 8 aydır davam edən ölkələrarasındakı gərginliyi birdəfəlik aradan qaldırdı: “Hər iki prezidentin qətiyyətli mövqeyi fürsətdən istifadə edib, Azərbaycan-Rusiya münasibətlərini daha da gərginləşdirmək istəyən qüvvələrin imkanlarını əllərindən aldı. Çünki görüşdə Rusiya rəhbəri Azərbaycanın hər üç tələbinin hüquqi yollarla həll edilməsi ilə bağlı özünün fikirlərini bildirdi. Qeyd etdi ki, təyyarəni vuran cinayətkarlar cəzalandırılacaq, kompensasiya ödəniləcək. Üzr istəmə məsələsini isə, Vladimir Putin bir daha ifadə etdi. Beləliklə, Rusiya-Azərbaycan münasibətlərində gərginliyin qalması üçün heç bir əlavə məsələ qalmadı. Ona görə də Azərbaycan Prezidenti məhz bundan sonra gərginliyin qalmasında maraqlı olan Rusiya daxilindəki bəzi neqativ qüvvələrə çıxışının sonunda ismarıc göndərərək qeyd etdi ki, burada səsləndirilən fikirlər hər iki ölkənin ictimai rəyi tərəfindən də eşidilir. Bu isə o demək idi ki, həm ictimai rəyə təsir imkanları olan Zatulin, Simonyan, Solovyov kimilər Putinin mövqeyini bildilər, eyni zamanda, Azərbaycan Prezidentinin mövqeyini yaxşı anladılar. Ondan sonra bu mövqeyi nəzərə almalıdırlar”.

Deputat qeyd etdi ki, həm də Rusiya hökumətinin içərisində olan, pərdəarxasında gizli qalan Zatulinlər, Simonyanlar, Solovyovlar, Azərbaycanı sevməyən ermənipərəstlər va: “Onlara həmçinin mesaj göndərildi ki, özlərinin səlahiyyətlərindən istifadə edib Rusiyada yaşayan azərbaycanlılara qarşı gizli və açıq formada tənqidlər aparmasınlar. Onun üçün də düşünürəm ki, gözləntilər çox pozitivdir. Rusiya-Azərbaycan münasibətləri gərginlik dövründə olsa belə, cənab Prezidentin də ifadə etdiyi kimi, inkişaf edib. Bu da Azərbaycan və Rusiyanın mövqeyi ilə əlaqədardır. Bundan sonra da hər iki ölkənin və xalqlarının maraqları konteksində münasibətlər daha da inkişaf edəcək. Çünki gərginlik heç bir ölkənin maraqlarına xidmət etmir, nə Rusiyanın, nə də Azərbaycanın. Hesab edirəm ki, bu görüşdən sonra süni şəkildə bu gərginliyi artırmaq istəyənlərin bütün arqumentləri əllərindən alındı və mövqeləri də tam şəkildə iflasa uğradı”.

Elxan

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Rusiya Prezidenti Vladimir Putinin 9 oktyabrda görüşdə Azərbaycan Prezidenti İlham Əliyevə söylədiklərini, təyyarə qəzasından bir qədər sonra söyləsəydi münasibətlər çox gərginləşməzdi: “Amma üzərindən təxminən 10 ay keçəndən sonra Putin qəbul etdi ki, Azərbaycanla normal münasibətlərə qayıtmaq lazımdır. Azərbaycanın mülki təyyarəsi vurulana qədər Rusiyz-Azərbaycan münasibətlərində gərginlik yox idi. Təyyarənin vurulması gərginlik yaratdı və Rusiya gərəkən addımları atmadığı üçün gərginlik sonradan daha da artdı. Lakin artıq Düşənbədə məsələlərə aydınlıq gətirildi, üzr istənildi, kompensasiya ödəniləcəyi, günahkarların hüquqi məsuliyyət daşıayacağı vəd edildi. Biz yəqin ki, bunların reallaşmasını gözləməliyik. Amma bütün hallarda münasibətlərdə gərginlik hər iki ölkənin maraqlarına cavab vermir. Hesab edirəm ki, Putin Düşənbədə söylədiklərini Rusiya həyata keçirərsə münasibətlər təyyarə hadisəsindən əvvəlki axarına qayıda bilər. Putin başqa bir addım da atmalıdır. Çünki münasibətlərin gərginləşməsi təkcə təyyarə olayı ilə bağlı deyildi. Ondan sonra Rusiyada yaşayan soydaşlarımıza qarşı təqiblər, təzyiqlər oldu, iki soydaşımız polislər döyüb öldürdü. Putin gərək məmurlarına həm də o tapşırığı versin ki, Rusiyada yaşayan azərbaycanlıları incitməsinlər. Həmçinin Rusiya mediasında Azərbaycan əleyhinə təxribatçı çıxışlar, yazılar, çağırışlar dayandırılmalıdır. Onlara da tapşırılmalıdır ki, Azərbaycana əleyhinə haqsız hücumlar, yazılar, açıqlamalar münasibətləri gərginləşdirir və yenə də gərginləşdirə bilər. Azərbaycan dövləti Rusiya ilə gərginlikdə maraqlı deyil. Azərbaycan dəfələrlə bəyan edib ki, Rusiya ilə normal, bərabərhüquqlu Azərbaycan bunun üçün öz üzərinə düşəni edir. Rusiya tərəfi də bu xətti tutsa təbii ki, münasibətlər bütün istiqamətlərdə yaxşılaşar. Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması hər iki ölkənin maraqlarına cavab verir”.

Aqşin

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Putinin hərəkətlərindən və ritorikasının tonundan anlaşıldı ki, o, hazırda Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv nəticə əldə olunması ilə bağlı davamlı danışıqlar aparmaq niyyətindədir: “Bu məqsədlə Vladimir Putin AZAL təyyarəsinin Rusiya hava məkanında vurulmasının səbəbləri barədə cənab Prezident İlham Əliyevə müfəssəl məlumatlar təqdim etdi. Bu, İlham Əliyevin AZAL təyyarəsinin vurulmasına görə Rusiyaya qarşı göstərdiyi prinsipiallığın, ardıcıl və sistemli mövqeyinin nəticəsidir. Ancaq Putin AZAL təyyarəsi ilə əlaqədar Azərbaycanın mövqeyinə yaxınlaşdıqca, onun Bakıya olan strateji ehtiyacları daha geniş mənada təsvir olunur. Putin Azərbaycan və Rusiyanı regiondakı geosiyasi dəyişikliklərin müşayiətində ümumi strateji məqsədlər ətrafında birləşdirməyi vacib hesab edir. Bunun üçün Putin Rusiyanın regional etimad mühitini formalaşdırmağa çalışır və Əliyevə AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan şəxslərin cəzalanacağını bəyan edir. Bu, olduqca əhəmiyyətli hadisədir, çünki AZAL təyyarəsinin vurulması Rusiyada güc strukturları arasında bir-birlərinə qarşı mübarizənin yeni dizaynına təkan vermiş kimi görünür”.

Təhlilçi hesab edir ki, misal üçün, Rusiya Baş İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin AZAL təyyarəsi ilə əlaqədar məsələni Çeçenistan rəhbəri Ramzan Kadırov və ətrafını neytrallaşdırmaq üçün şans kimi qiymətləndirdi: “Bu, Rusiya siyasətindəki bəzi ziddiyyətlər və daxili güc mübarizələrinin təzahüründə Ramzan Kadırovun mövqelərinin Azərbaycanla münasibətlərin gərginləşməsi fonunda zəiflədiyini ortaya çıxardı”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
23
50
musavat.com

10Sources