Sonra qonaqlar Palçıq Vulkanları Turizm Kompleksini gəziblər. Burada onlara vulkanların geoloji xüsusiyyətləri, müalicəvi və turistik potensialı barədə məlumat verilib. Qonaqlara bildirilib ki, 12 hektar ərazidə salınmış Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Sumqayıt Sənaye Parkında olan mediatur iştirakçılarına burada fəaliyyət göstərən müəssisələr, tətbiq olunan innovativ texnologiyalar barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, Sənaye Parkı ölkənin qeyri-neft sektorunun inkişafında, yeni növ məhsulların istehsalında və ixrac potensialının artırılmasında mühüm rol oynayır və bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.













