15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən ikinci yoxlama oyunu (3:1) barədə fikirlərini bildirib:

“Bu kollektiv ilk dəfə təlim-məşq toplanışına yığışmışdı. Rəqib isə yeddinci dəfə idi bir araya gəlirdi. Hər iki oyun bizim üstünlüyümüz şəraitində keçdi. Düzgün təhlillər və çalışmalar nəticəsində ikinci matçda qələbə qazandıq”.

A. Nəbiyev U-15 yığmamızdakı futbolçuların potensiallarının böyük olduğunu deyib: “Uşaqları tanımaq üçün zaman lazımdır. Potensiallı oyunçulardır, ancaq fiziki durumla bağlı ciddi problemləri var idi. Milli komandada isə bunun üzərində çox çalışmaq imkanımız olmur. Çünki cəmi üç məşqdən sonra oyuna çıxmışdıq. Sırf taktiki tapşırıqlara üstünlük veririk. Komandamız gələcəyə ümid verir. Hazırlıqların, beynəlxalq oyunların sayı nə qədər çox olsa, istər bu kollektivlə, istərsə də U-16 və U-17 millimizlə daha böyük işlər görmək olar”.

Qeyd edək ki, milli komandamız Monteneqro ilə ilk oyunda 0:0 hesablı heç-heçə edib, ikinci görüşdə 3:1 hesablı qələbə qazanıb.