Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında (ÇL) İspaniya təmsilçisi “Barselona”nın nailiyyətini təkrarlayıb.
Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, “Benfika” 2025-ci ilədək heç vaxt qitənin bir nömrəli klub turnirində 2 top fərqi ilə öndə olduğu matçı uduzmayıb.
Lissabon komandası artıq cari ildə iki dəfə bu aqibəti yaşayıb. Portuqaliya təmsilçisi ilin əvvəlində, “Barselona” ilə ÇL-in 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 7-ci turunun matçında 4:2 hesabı ilə öndə olandan sonra yenilib – 4:5.
Xatırladaq ki, “Qarabağ” səfərdə “Benfika”nı 3:2 hesabı ilə üstələyib. Meydan sahibləri 30-cu dəqiqəyədək 2:0 hesabı ilə üstün olublar. Amma ruhdan düşməyən Azərbaycan çempionu qalan dəqiqələrdə ardıcıl 3 qol vurmağı bacarıb və tarixi zəfərə imza atıb.