EN

Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı təsdiq edib

Şuşa, 14 Sentyabr, Tahir Agaməmmədov, AZƏRTAC

Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, strategiyada maliyyə sisteminin mühüm tərkib hissəsi kimi sığorta sektorunun inkişaf etdirilməsi və dayanıqlığının daha da gücləndirilməsi üzrə prioritetlərə xüsusi önəm verilib: “Artıq iki ilə yaxındır ki, bu strategiyanın icrası davam edir və bu istiqamətdə bir sıra nailiyyətlər əldə olunub. Mərkəzi Bank, Strategiyanın icrası ilə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır”.

Ə.Məmmədyarov əsas nailiyyətləri qısaca qeyd edərək deyib: "Sığortaçılarda yeni korporativ idarəetmə standartları tətbiq olunmağa başlanılıb. Bu standartlar sığortaçılarda təkmil korporativ mühitin formalaşmasına, onların institut kimi inkişafının ən yaxşı beynəlxalq təcrübəyə uyğun qurulmasına təşviq edəcəkdir. Həmçinin, yeni tələblərə uyğun olaraq sığortaçılar öz fəaliyyətləri, maliyyə nəticələri və maliyyə dayanıqlığı ilə bağlı ictimaiyyətə geniş məlumatlar açıqlayacaqlar. Bu isə risklərin daha təkmil formatda idarə olunması və şəffaflığın artırılması istiqamətində zəruri addımdır.

Eyni zamanda, bank və sığorta əməkdaşlığı genişləndirilmiş, kredit götürən fiziki şəxslərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsi üçün yeni qaydalar tətbiq edilib. Sığorta xidmətlərinin rəqəmsallaşması, müqavilələrin elektronlaşdırılması və əlçatanlığı artırıb.

Əhali və biznes subyektlərinin maarifləndirilməsi istiqamətində genişmiqyaslı təşviqat işləri aparılıb, sığorta bazarının peşəkar kadr potensialının artırılması üçün təlimlər təşkil edilib".

Chosen
19
4
azertag.az

10Sources