EN

Milli Məclisin sədri İsrailin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb  

Sentyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost və tərəfdaş ölkələrimiz arasında bir sıra ənənəvi sahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

Həmçinin ölkələrimiz və xalqlarımız arasında dost münasibətlərin bir göstəricisi kimi insanlar arasındakı əlaqələrin önəmi qeyd edilib. Vurğulanıb ki, multikultural və tolerant bir ölkə olan Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və indi də yaşayırlar. Eyni zamanda, İsraildə fəaliyyət göstərən Azərbaycan icması, o cümlədən bu ölkədə yaşayan yəhudiəsilli soydaşlarımız da ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verirlər.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rolu qeyd edilib. Sahibə Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə cari ilin aprel ayında Özbəkistanda keçirilən görüşünü xatırladaraq, parlamentlərimiz arasında təmasların, qarşılıqlı səfərlərin, dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, səfər çərçivəsində aparılmış danışıqların, əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyəti bir daha vurğulanıb. S.Qafarova Vaşinqton razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, tərəflər arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Chosen
22
27
azerbaijan-news.az

10Sources