EN

“Qələbəni qardaşlarımla qeyd edəcəm” - Qurban Qurbanov

Çempionlar Liqasının pley-offunun cavab oyununda “Qarabağ” “Ferentsvaroş”a məğlub olaraq əsas mərhələyə yüksəldi - 2:3.

Oyunsonrası mətbuat konfransında Qurban Qurbanov media önünə çıxıb

– Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə əsas mərhələyə düşə bildilər. Yenidən daha böyük futbolu görmək münasibətilə onlara təşəkkür edirəm. Cənab Prezident bizi indi rəsmi təbrik etdi. Mən də onu təbrik edirəm. Neçə ildi bunu gözləyirdi. Başda özü olmaqla ailəsini təbrik edirəm. Bir daha göstərdi ki, gözü üzərimizdədi. Gərgin oyun alındı. Bu gün stadion sanki tam başqa idi. Bəlkə çoxdan idi görmürdüm belə atmosfer. Bu qələbəni ən çox haqq edən azarkeşlərimiz idi. Sizə də təşəkkür edirəm. İllərdi ki, yaxşı yazılarınızla ailəmizin üzvüsüz.

– Böyük nailiyyətdi. Oyundan qabaq futbolçulara nə dediniz? Xahiş edirəm ki, yenilik edib açıqlayasız.
– Mənim kartlarım həmişə açıqdı. Fikirlərimi konfransda da bildirmişdim. Belə işlər soyuqqanlılıqla olmalıdı. İstilik çox olsa, futbolçular yana bilər. Daha çox cəsarət, ağıl tələb etmişəm. Bu ikisinin bir yerdə olması vacibdi. İstənilən nəticədə oyundan qopmamalıydıq.

– Əsas mərhələsində hansı stadionda oynamaq fikriniz var?
– Hələ belə qərar verilməyib. Bu mənim üçün asan məsələdi. Hamı bu işdə iştirak etməlidi. Çempionlar Liqasının başqa təklifləri var. Ot örtüyü və s. Meydançanın vəziyyətini bilmirəm. Konsertlər oldu. Federasiya tərəfindən təklif olsa…

– “Qarabağ” tarixində ən şirin ikinci məğlubiyyət oldu. Səkkiz il ərzində nələr dəyişdi?
– İldən-ilə hamımız dəyişirik. Sevimli peşəmiz də dəyişir. Sadəcə 8 ildən sonra bu turnirə qatıldıq. Bir-bir xırdalasam, bizim üçün böyük problemlər ola bilər (gülür). Öz həyatımızda nə dəyişdisə, futbolda da dəyişikliklər oldu.

– Bu məğlubiyyəti gözləyirdiz? 5 oyunluq seriya qırıldı. Bu barədə futbolçulara irad olacaq?
– Məsələyə fərqli yanaşıram. Biz şərəflə məğlub olduq. Bugünkü qələbəni rəqib haqq edirdi. Çox bərk komandadılar. İş rejiminə baxsaq, onlar da əsas mərhələyə layiq idilər. Mən futbolçularıma irad bildirməyəcəm. Geridə qalan son üç gündə onların hansı hiss keçirdiyini hiss eləyirdim. Gərginlik çoxalırdı. Müsahibəmdə də bildirdim ki, onlardan tələb edirdim, amma özümdə də gərginlik var idi. Futbolçular da bunu hiss edirdi. Onları bağrıma basdım.

– Transfer nə dərəcədə realdı?
– Bizə hansı variant olsa da, transfer lazımdı. Futbolçuların sayını çoxaltmaq istəyirik. Əsas da hücumda. Əsas işimizi buna ayırmışıq. Fikir verdinizsə, transfer etməyə tələsmədik. Beş oyun oynamaq böyük yüklənmədi. Bu gün futbolçularım yorğun idi. Transfer edə bilməsək, heç nə edə bilmərik, əlimizdəki futbolçularla davam etməliyik.

– Növbəti dəfə “Qarabağ” göz yaşlarınızı əsas mərhələnin ilk qələbəsində görə bilərmi?
– Necə gördünüz? Axı gizlətmişdim (gülür). Təki sevinc göz yaşları olsun. Əsas odu ki, yorulmamışıq. Daha çox işləməyə, futbolçulara vaxt ayırmağa çalışırıq. Göz yaşları adi oyunlarda da ola bilər. İstəmirəm göz yaşlarım olsun. Dünya futbolunda qaçılmaz, maraqlı hadisədi.

– Addai yaxşı görünmürdü. Sanki artıq çəkisi var.
– Gəlin bu gün futbolçulardan danışmayaq. Mənə sərbəstlik verin (gülür). Amma yaxşı oynadı, irəlidə təzyiq yarada bildi.

- Əlavə vaxtda edilən əvəzetmənin düşər-düşməzi olur...
– Nəyisə düzgün görürüksə, etməliyik. Ola bilər ki, yanlış qərar olsun, gedişatda düz görürüksə, etməliyik.

– Qələbəni necə qeyd edəcəksiz?
– Rayondan qardaşlarım gəlib, gözləyirlər. Musa müəllim gedişləri bilir, düşdü aşağı. Gedib böyük qardaşlarımı qucaqlayacam.

– U-19 komandası ilə birgə məşqlər plan ola bilərmi?
– Lazım olsa, ola bilər. Məncə, ehtiyac yoxdu. Belə oyunlarda sərbəstlik daha vacibdi. Lazım olsa, futbolçular tərəfindən olar.

– Qarşınızdakı hədəf nə olacaq?
– Bu haqda düşünməmişdik. Hədəfimiz düşmək idi (gülür). Püşk atılsın, görərik. Hər futbolçunun arzusudu ki, böyük turnirdə iştirak eləsin. Böyük klublardan bir-ikisini Bakıda görəcəklər. Kənardan hər şey asan görünür. Ümumi Azərbaycan futbolu üçün də böyük məsələdi.

– “Barselona” ilə qarşılaşmağı necə təsəvvür edirsiz?
– Hər şey ola bilər. Mənim üçün böyük təhlükə olar. Sizə və azarkeşlərə görə sevinərəm.

Chosen
92
42
football-plus.az

10Sources