EN

Büdcə kəsiri və xərclər azaldılır

Büdcə

Hökumət dövlət büdcəsi ilə bağlı daha tədbirli davranmağa başlayıb, xüsusən də xərclərin azaldılması və büdcə vəsaitlərinə mümkün qədər qənaət siyasəti diqqət çəkməyə bilməz. Neftin hasilatının azalması və “qara qızıl”ın kövrək qiymət dəyişmələri şəraitində bu addımlar əslində başadüşüləndir.

Belə ki, 2025-ci il dövlət büdcəsinin xərclərinin 40 milyard 687,6 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,7 faiz azdır. Maliyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 59,8 faizi həcmində və ya 24 milyard 346,7 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 407,2 milyon manat və ya 1,6 faiz az), əsaslı xərclərə ümumi xərclərin 34,3 faizi həcmində və ya 13 milyard 941,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2 faiz az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,9 faizi həcmində və ya 2 milyard 399,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək. Müvafiq olaraq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisinin eyni olacağı, əsaslı xərclərin xüsusi çəkisinin 0,1 faiz-bənd azalacağı, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisinin isə 0,1 faiz-bənd artması gözlənilir.

2025-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üzrə 2 milyard 399,6 milyon manat məbləğində, o cümlədən xarici dövlət borcu üzrə 1 milyard 441,6 milyon manat, daxili dövlət borcu üzrə isə 958 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Bu arada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, büdcə kəsiri proqnozlara rəğmən 2 dəfə azaldılır. 2025-ci ilin gözlənilən dövlət büdcəsinin kəsiri 1 milyard 556 milyon manat azaldılaraq 1 milyard 495,6 milyon manat məbləğinə çatdırılıb. Maliyyə Nazirliyi planlaşdırır ki, kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1,2 faiz həcmində olacaq.Əslində bu, çox yaxşı göstəricidir. Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2025-ci ildə 22,6 faiz proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonuna 21,4 faiz səviyyəsində olacağı gözlənilir.

Bunlarla yanaşı, xərclərin azaldılması fonunda büdcə gəlirlərində artım proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 49,1 faizi və ya 19 milyard 243 milyon manatı neft-qaz sektorunun, 50,9 faizi və ya 19 milyard 949 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366 milyon manat və ya 1,9 faiz artması gözlənilir.

Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16 milyard 320 milyon manatı və ya 41,6 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 600 milyon manatı və ya 16,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 milyard 481 milyon manatı və ya 36,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 680 milyon manatı və ya 1,7 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1 milyard 111 milyon manatı və ya 2,8 faizi sair gəlirlərin payına düşür.

Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 16 milyard 320 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820 milyon manat və ya 5,3 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 300 milyon manatı və ya 26,3 faizi neft-qaz sektorunun, 12 milyard 020 milyon manatı və ya 73,7 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41,9 faizini və ya 1 milyard 800 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 9,3 faizini və ya 400 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48,8 faizini və ya 2 milyard 100 milyon manatını isə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.

Cari ilin yanvar-iyun ayları üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə təmin edilmiş daxilolmaların proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 218,6 milyon manat və ya 3,5 faiz, neft-qaz sektoru üzrə isə 247,8 milyon manat və ya 12,2 faiz çox olması 2025-ci ilin sonuna gözlənilən daxilolmaların artmasına zəmin yaradıb.

2025-ci ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 680 min manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəricidən 200 min manat və ya 22,7 faiz az, dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların 40 min manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6 min manat və ya 17,6 faiz çox, sair daxilolmaların isə 1 milyard 071 milyon manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə (861 milyon manat) müqayisədə 210 milyon manat və ya 24,4 faiz artım təşkil edəcəyi gözlənilir.

Dövlət büdcəsinə gömrük rüsumları və idxala görə vergi daxilolmalarının (6 milyard 600 milyon manat), Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (14 milyard 481 milyon manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir.

Maraqlıdır ki, neft-qaz sektoru üzrə gəlirlərin 470 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366 milyon manat və ya 1,9 faiz artması gözlənilir. Bu, neftin qiymətlərinin ilin sonunadək 70 dollar ətrafında olacağına əminlik, qaz hasilatının və ixracının artması hesabına gəlirlərlə bağlıdır. 2025-ci il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kubmetrinin orta satış qiymətinin 71 ABŞ dolları artırılaraq 313 ABŞ dolları müəyyən edilməsi ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə daxilolmaların 600 milyon manat və ya 40 faiz artacağı gözlənilir. 2025-ci il dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard 020 milyon gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 350 milyon manat və ya 3 faiz çoxdur.

Son dövrlərdə geosiyasi gərginlik, qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin yüksək olması, eyni zamanda yeni tarif qaydalarının tətbiqi qlobal iqtisadi artım gözləntilərinə təsir edən əsas faktorlar sırasındadır. Proqnozların müsbət istiqamətdə dəyişməsi ilkin elan edilmiş tarif səviyyələrinin sonrakı dövrdə nisbətən azalması, maliyyə şərtlərinin yumşalması və bir çox ölkələrdə büdcə xərclərinin genişlənməsi fonunda baş verшк. 2025-ci il üzrə qlobal iqtisadi artım proqnozları aparıcı beynəlxalq maliyyə təşkilatları tərəfindən yenidən nəzərdən keçirilmişdir. Beynəlxalq Valyuta Fondu (BVF) cari ilin iyul ayında verdiyi son proqnozda qlobal iqtisadi artım tempini aprel ayı ilə müqayisədə 0,2 faiz bənd artıraraq 3,0 faiz səviyyəsində müəyyən edib.

Dünya Bankı (DB) isə 2025-ci ilin iyun ayında qlobal iqtisadi artım üzrə əvvəlki proqnozunu 0,4 faiz bənd azaldaraq 2,3 faiz səviyyəsində qiymətləndirir. Beynəlxalq maliyyə institutları və agentliklərinin son proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik satış qiymətinin 6669 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır. Yuxarıda qeyd olunan qlobal və regional iqtisadi reallıqlar, xüsusilə də dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslər milli iqtisadiyyata da təsirsiz ötüşməyib və İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra proqnozların yenilənməsini zəruri edib. Belə ki, 2025- ci ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proqnozlar yenilənib. Həmin proqnozlara əsasən, 2025-ci ildə ÜDM-in real artımı 3,0 faiz olmaqla nominal ifadədə 129,9 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,7 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM 93,5 milyard manata (əvvəlki proqnoza nəzərən 1,3 milyard manat çox) çatacağı gözlənilir. Dövlət büdcəsinin hesablamalarında neftin qiyməti 70 dollar nəzərdə tutulur.

M.Həmzəoğlu

Chosen
13
7
xalqcebhesi.az

10Sources