EN

Siyasi mənzərə dəyişir

Elnarə AKİMOVA,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Tarixi taleyimiz isəçək-çevir mövzusu deyil

Biz uzun bir tarixi prosesin sonlandırılmasına doğru yol gedirik. Və bu istiqamətdə yürüdülən si­yasətin alternativi yoxdur. Atatürk Qurtuluş savaşı­nı zəfərlə başa çatdırandan və yalnız Cümhuriyyətin elanından sonra 7 il müxalifətsiz fəaliyyət göstər­di. Yalnız 1930-cu ildə rəhbərliyində azərbaycanlı Əhməd Ağaoğlunun da təmsıl olunduğu müxalif Sərbəst Firqə yarandı. Sərbəst Firqə hökumətə müxalifətdə olsa da, cümhuriyyət ideallarına, yəni mövcud iqtidarın yürütdüyü siyasətə sədaqətli ola­caqdı. Çünki zaman siyasi müxalifət zamanı deyildi. Birləşmək, daha güclü olmaq zamanı idi. 

İkinci Qarabağ Savaşındakı zəfərdən sonra Ali Baş Komandan İlham Əliyev Cənubi Qafqazda 300 ildir ki, davam edən və davam etməkdə hələ də israrlı olan siyasi mənzərəni dəyişib. Bu gün dövlət siyasətimizdə Azərbay­canın geopolitik mənzərəsi müasir gerçəklikləri nəzərə almaqla, tarixi reallıqlara istinad edən istiqamətə doğru yol gedir. 

Bunun alternativi varmı? Yoxdur və bu düşüncəyə qar­şı müxalifətdə olmaq mümkün deyil. Onun təftiş edilməsi də xalqın qəbul etməyəcəyi bir haldır. Çünki xalq qazanıl­mış zəfərin qlobal mahiyyətini dərindən anlayır. Çünki o, bu zəfəri ən azı 30 il gözlədi və bu 30 ildə məğlubiyyətlə heç bir halda razılaşmadı. İdeala doğru gedən yollarımızı bağlayan müxtəlif maneələr, nəhayət ki, ortadan qaldırıl­dı. ATƏT-in Minsk qrupu var idi. Vaşinqton görüşündə bu qurum buraxıldı. 907-ci düzəliş var idi, 30 ildən sonra bu düzəliş ləğv edildi. Və sair. Saziş bağlanması isə ona görə yubanır ki, Ermənistan konstitusiyasında Azərbayca­na qarşı ərazi iddiaları var. O iddialar Ermənistan kons­titusiyasından çıxarılmalıdır. Azərbaycanın siyasi masada mübahisəsiz qəbul edilən tələbinin miqyası milli iradənin gücü deyilmi?

“Məndən ötdü, qardaşıma dəydi” fəlsəfəsinin bölücü və acı nəticəsini, əsrlər boyu sağalmayan yaralarını biz 200 il əvvəl Azərbaycanın müxtəlif xanlıqlara bölündüyü çağlarda yaşamışıq. İkinci Qarabağ savaşındakı zəfərimiz­dən sonra davam edən dövlət siyasəti Zəngəzur dəhlizinin açılmasına (bunun necə adlandırılmasından asılı olmaya­raq) doğru istiqamət götürüb və bu proses dünyada sülh layihəsi kimi anlaşılırsa və bu yolda atılacaq addımların daha davamlı olacağına dair verilən vədlər dövlət başçı­ları tərəfindən Amerikada paraflanırsa, bu, Azərbaycanın apardığı siyasətin böyük milli siyasət olduğundan soraq vermirmi? 

Bu, təkcə Azərbaycanın Zəngəzur nahiyəsinə keçidi­ni, Naxçıvana uzanan yollarımızın açılmasını, bir-birindən aralı düşmüş ərazilərimizin qovuşmasını təmin edən xətt deyil, eyni zamanda, türk dünyasını birləşdirən, türk bir­liyinin reallaşmasını təmin edən yoldur və tarixi taleyimiz bu məqamı siyasi çək-çevir mövzusuna çevirməyi heç kəsə bağışlamaz. 

Müqayisə üçün qonşu Ermənistanda dövlət siyasətinə müxalif olanlanların məramına nəzər yetirmək bəs edər. Bir zaman şimal qonşumuzun başlatdığı işğalçılıq siyasəti­nin komponentlərindən biri Qarabağ və Qərbi Azərbaycan torpaqlarında bir erməni knyazlığı qurmaq təşəbbüsüylə bağlıydı. Bu gün Ermənistandakı müxalifətin hədəfi o za­man başlamış və Azərbaycan torpaqlarına erməniləri kö­çürüb yerləşdirmək ideyasını reallaşdıran qüvvəyə sədaqət hissidir və ona istinad edir. Vaxtilə bu prosesi başlayanlar, yəni Azərbaycan torpaqlarının hesabına ermənilər üçün torpaq qazanmaq, onlara vətən, dövlət qurmaq ideologiya­sını irəli sürənlər və bu məqsədlə I Pyotrla, Yekaterina ilə danışıq aparanlar erməni katolikosları olmuşdu. Bu gün Ermənistanda o zaman başladılmış həmin prosesin iflasa uğramasından qeyzlənən erməni müxalifətinə, yəni revan­şistlərə Erməni Apostol Kilsəsinin katolikosu başçılıq edir. 

Ermənistan siyasətçilərini belə acınacaqlı duruma sa­lan, əsrlər boyu inandıqları “Dənizdən dənizə Ermənistan” ideologiyasının boş bir xəyal olduğunu elə onların özünə etiraf etdirən səbəb İlham Əliyevin yürütdüyü ümumazər­baycan siyasətidir. Vaşinqton danışıqlarının nəticəsi ola­raq imzalanan sənədlərə erməni müxalifətinin münasibəti belədir ki, bu sənədlər Azərbaycanla “Türkdilli blokadaya son qoymur, əksinə Ermənistanın suverenliyini məhdud­laşdıraraq, Azərbaycan üçün ölkədən keçən koridorun açılmasını təmin edir”. 

Onların müxalifəti belə düşünür və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanda bu şəkil­də şərh olunan hədsiz uğurlu bir siyasəti bütünlüklə təqdir etməmək, bu milli siyasətin daha güclü olmasına çalışma­maq sırf məntiqsizlik olardı. 

Tarixin elə mərhələsini yaşayırıq ki, milli taleyimiz hamını ümumazərbaycan ideologiyasının ətrafında birləş­mək üçün səfərbər olmağa çağırır. Müxalif olmaq zamanı deyil, birlik və bütövlük zamanıdır. Azərbaycan nə zaman­dı ki, bu siyasi məqamın gerçəkləşməsini gözləyirdi... İndi məhz o məqamın müasirləri və prosesin iştirakçısıyıq. Ta­rix Azərbaycan dövrünü yaşayır və son yüzillərdə belə bir dövrün analogiyasını göstərmək sadəcə, mümkün deyil.

Chosen
23
4
xalqqazeti.az

5Sources