AZ

İndi siyasi təbəddülatlar zamanı deyil

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

Üç yüzillik tarixi prosesin sonlandırılmasına  doğru yol gedirik. Və bu istiqamətdə yürüdülən siyasətin alternativi yoxdur. Atatürk Qurtuluş savaşını zəfərlə başa çatdırandan və yalnız Cümhuriyyətin elanından sonra 7 il müxalifətsiz fəaliyyət göstərdi. Yalnız 1930-cu ildə rəhbərliyində azərbaycanlı Əhməd Ağaoğlunun da  təmsıl olunduğu müxalif Sərbəst Firqə yarandı. Sərbəst Firqə hökumətə müxalifətdə olsa da, cümhuriyyət ideallarına, yəni mövcud iqtidarın yürütdüyü siyasətə  sədaqətli olacaqdı. Çünki zaman siyasi müxalifət zamanı deyildi. Birləşmək, daha güclü olmaq zamanı idi.

İkinci Qarabağ savaşındakı zəfərdən sonra Ali Baş Komandan İlham Əliyev  Cənubi Qafqazda üç yüz ildir ki, davam edən və davam etməkdə hələ də israrlı olan siyasi mənzərəni dəyişib. Bu gün dövlət siyasətimizdə Azərbaycanın  geopolitik mənzərəsi müasir gerçəklikləri nəzərə almaqla, tarixi reallıqlara istinad edən  istiqamətə doğru yol gedir. Bunun alternativi varmı? Razılaşmalıyıq ki, yoxdur və razılaşmalıyıq ki, bu düşüncəyə qarşı müxalifətdə olmaq mümkün deyil. Onun təftiş edilməsi də xalqın qəbul etməyəcəyi bir haldır. Çünki xalq qazanılmış zəfərin qlobal mahiyyətini dərindən anlayır. Çünki o, bu zəfəri ən azı otuz il gözlədi və  bu otuz ildə məğlubiyyətlə heç bir halda razılaşmadı. İdeala doğru gedən yollarımızı  bağlayan müxtəlif maneələr nəhayət ki, ortadan qaldırıldı. ATƏT-in Minsk qrupu var idi. Vaşinqton görüşündə bu qurum buraxıldı. 907-ci düzəliş var idi, otuz ildən sonra bu düzəliş ləğv edildi. Və sair. Saziş bağlanması isə ona görə yubanır ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. O iddialar Ermənistan konstitusiyasından çıxarılmalıdır. Azərbaycanın siyasi masada mübahisəsiz qəbul edilən tələbinin miqyası milli iradənin gücü deyilmi?

“Məndən ötdü, qardaşıma dəydi” fəlsəfəsinin bölücü və acı nəticəsini, əsrlər boyu sağalmayan yaralarını biz iki yüz il əvvəl Azərbaycanın müxtəlif xanlıqlara bölündüyü çağlarda yaşamadıqmı? İkinci Qarabağ savaşındakı zəfərimizdən sonra davam edən dövlət siyasəti Zəngəzur dəhlizinin açılmasına (nə adla adlandırılmasından asılı olmayaraq) doğru istiqamət götürüb və bu proses dünyada sülh layihəsi kimi anlaşılırsa və bu yolda atılacaq addımların daha davamlı olacağına dair verilən vədlər dövlət başçıları tərəfindən  Amerikada paraflanırsa, bu, Azərbaycanın apardığı siyasətin böyük milli siyasət olduğundan soraq vermirmi?  Bu, təkcə Azərbaycanın Zəngəzur nahiyəsinə keçidini, Naxçıvana uzanan yollarımızın açılmasını, bir-birindən aralı düşmüş ərazilərimizin qovuşmasını təmin edən xətt deyil, eyni zamanda, türk dünyasını birləşdirən, türk birliyinin reallaşmasını təmin edən yoldur və tarixi taleyimiz bu məqamı siyasi çək-çevir mövzusuna çevirməyi  heç kəsə bağışlamaz. Müqayisə üçün qonşu Ermənistanda dövlət siyasətinə müxalif olanlanların məramına nəzər yetirmək bəs edər. Üç yüz il əvvəl şimal qonşumuzun başlatdığı işğalçılıq siyasətinin komponentlərindən biri Qarabağ və qərbi Azərbaycan torpaqlarında bir erməni knyazlığı qurmaq təşəbbüsüylə bağlıydı. Bu gün Ermənistandakı müxalifətin hədəfi üç yüz il əvvəl başlamış və  Azərbaycan torpaqlarına erməniləri köçürüb yerləşdirmək ideyasını reallaşdıran qüvvəyə sədaqət hissidir və ona istinad edir. Vaxtilə bu prosesi başlayanlar, yəni Azərbaycan torpaqlarının hesabına ermənilər üçün torpaq qazanmaq, onlara vətən, dövlət qurmaq ideologiyasını irəli sürənlər və bu məqsədlə  I Pyotrla, Yekaterina ilə danışıq aparanlar ?rməni katolikosları olmuşdu.  Bu gün Ermənistanda üç yüz il əvvəl başladılmış həmin prosesin iflasa uğramasından qeyzlənən erməni müxalifətinə, yəni revanşistlərə Erməni Ap?stol Kilsəsinin katolikosu başçılıq edir. Ermənistan siyasətçilərini belə acınacaqlı duruma salan, əsrlər boyu inandıqları “Dənizdən dənizə Ermənistan” ideologiyasının boş bir xəyal olduğunu elə onların özünə etiraf etdirən səbəb İlham Əliyevin yürütdüyü ümumazərbaycan siyasətidir. Vaşinqton danışıqlarının nəticəsi olaraq imzalanan sənədlərə erməni müxalifətinin münasibəti belədir ki, bu sənədlər  Azərbaycanla “Türkdilli blokadaya son qoymur, əksinə, Ermənistanın suverenliyini məhdudlaşdıraraq, Azərbaycan üçün ölkədən keçən koridorun açılmasını təmin edir”.

 Onların müxalifəti belə düşünür və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanda bu şəkildə şərh olunan hədsiz uğurlu bir siyasətin arxasında durmamaq, bu milli siyasətin daha güclü olmasına çalışmamaq hansı məntiqdən xəbər verir?

Tarixin elə mərhələsini yaşayırıq ki, milli taleyimiz hamını ümumazərbaycan ideologiyasının ətrafında birləşmək üçün səfərbər olmağa çağırır.  Müxalif olmaq  zamanı deyil, birlik və bütövlük zamanıdır. Azərbaycan 300 ilə yaxın idi ki, bu  siyasi məqamın gerçəkləşməsini gözləyirdi... İndi məhz o məqamın müasirləri və prosesin iştirakçısıyıq. Tarix Azərbaycan dövrünü yaşayır və son üç yüz ildə belə bir dövrün analojisini göstərmək sadəcə, mümkün deyil.

Elnarə Akimova,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
4
yeniazerbaycan.com

5Mənbələr