EN

"Səhər yeməyi zamanı qəbul edilən limonlu içkilər dişlərin qoruyucu qatını zəiflədə bilər"-Stomatoloqdan XƏBƏRDARLIQ

İnsanlar yay aylarında dondurma, qazlı və digər soyuq içkilərdən tez-tez istifadə edirlər.

Bu kimi hallar diş minasına və diş ətinə hansı zərərləri vura bilər? Bu təsirlərin qarşısını almaq üçün insanlar hansı profilaktik addımları atmalıdırlar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında stomotoloq İdris Rəhimli bildirdi ki, qazlı içkilər gündəlik həyatımızda sərinlədici təsiri ilə tez-tez istifadə olunur, lakin diş sağlamlığı üçün isə ciddi təhlükə yaradır.

"Diş minası orqanizmdə ən sərt toxuma olsa da, turşulara qarşı həssasdır və zamanla eroziyaya uğraya bilər. Qazlı içkilərin tərkibində fosfor turşusu, karbon turşusu və sitrus turşusu mövcuddur ki, bunlar diş minasını yumşaldaraq aşınmasına səbəb olur. Xüsusilə səhər yeməyi zamanı qəbul edilən portağal şirəsi və limonlu içkilər dişlərin qoruyucu qatını zəiflədə bilər".

Stomotoloq əlavə etdi ki, mina qatı nazildikcə dentin qatları açılır, bu, soyuq, isti və şirin qidaların dişlərdə həssaslıq yaratmasına gətirib çıxarır.

"Şirin qazlı içkilər ağızdakı bakteriyalarla birləşərək turşu əmələ gətirir və bu turşu diş minasını daha da zəiflədir, nəticədə kariesin yaranma riski artır. Mina aşındıqca dişlər saralır, parlaqlığını itirir və estetik görünüş pisləşir.

Bu zərərlərin qarşısını almaq üçün qazlı içkilərin tez-tez deyil, nadir hallarda qəbul edilməsi tövsiyə olunur. İçkilərin dişlərlə təması azaldılmalıdır, məsələn, onları borudan içmək faydalıdır. İçdikdən dərhal sonra dişləri fırçalamaq düzgün deyil, çünki turşu diş minasını yumşaldır və dərhal fırçalamaq aşınmanı sürətləndirir. Bunun əvəzinə ən azı 30 dəqiqə gözləmək lazımdır. Müntəzəm diş fırçalama, ağızı su ilə yaxalama və diş ipindən istifadə qazlı içkilərin dişlərə verdiyi ziyanı azalda bilər. Həmçinin, ildə ən azı iki dəfə stomatoloqa müraciət edərək dişləri yoxlatmaq, erkən eroziya və kariesin qarşısını almağa kömək edir. Müntəzəm diş baxımı və düzgün qidalanma bu riskləri əhəmiyyətli dərəcədə azalda bilər", - deyə İdris Rəhimli vurğuladı.

Xədicə BAXIŞLI

Chosen
50
16
redaktor.az

10Sources